Bank Of Baku

Arif Məmmədov: “Oktyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının iştirakı ilə geniş formatda görüş keçiriləcək”

Arif Məmmədov: “Oktyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının iştirakı ilə geniş formatda görüş keçiriləcək”
# 22 avqust 2007 15:11 (UTC +04:00)
Azərbaycan Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovun APA-ya eksklüziv müsahibəsi

- AŞ PA Monitorinq Komitəsinin məruzəçisi Andres Herkel növbəti sessiyada Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məsələ qaldıracağını söyləyib...

- Bəli, cənab Herkelin mətbuata belə bir açıqlaması olmuşdu, amma hələlik sessiyanın gündəliyində bu məsələ yoxdur. Belə bir şey nəzərdə tutulsaydı, bizim əvvəlcədən məlumatımız olardı. Ola bilər ki, həmməruzəçilər məsələ ilə bağlı komitə və ya alt komitələrdə çıxış edib, öz münasibətlərini söyləyə bilərlər. Ümumiyyətlə, AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı hər hansı məsələnin müzakirə olunacağı gözlənilmir.

- Azərbaycanın Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməməsi ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilirmi?

- Bu məsələ ilə bağlı hələ kifayət qədər vaxtımız var. İndiki mərhələdə hansısa məsələnin qaldırılması təhlükəsi yoxdur. Biz indi gözləyirik, yeni qərarların icrası ilə bağlı sənədlər artıq gəlməlidir. Yəni, hazırda gündəmdə belə məsələ yoxdur.

- Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunla bağlı aparılan danışıqlar nə yerdədir?

- Bu il oktyabrın əvvəlində Bakıda Venesiya Komissiyasının iştirakı ilə geniş formatda dəyirmi masa keçiriləcək. Görüşdə daha çox seçki komissiyalarının tərkibi və şikayətlərə baxılma prosedurları ilə bağlı müzakirələr aparılacaq. Hələlik danışıqların davam etdirildiyini deyə bilərəm. Bu məsələ ilə Prezident Aparatı, Milli Məclis və Mərkəzi Seçki Komissiyasının yüksək səviyyəli ekspertləri məşğul olur, fərdi məsləhətləşmələr hələ də davam edir.

- AQO qrupunun hələ də Azərbaycanı monitorinq altında olan ölkələr siyahısından çıxarmamasına münasibətiniz necədir?

- Bu yaxınlarda AQO qrupunun Azərbaycana səfəri olub, qrup Azərbaycanla bağlı normal işlər aparır, onların iştirakı ilə çox böyük işlər görülüb. Hazırda qrupla birgə çox səmərəli iş gedir, qrup öz tövsiyələrini verir, bizim üçün də bu çox vacibdir. Onu da xatırladım ki, hətta AQO qrupunun monitorinqindən çıxan, məsələn, Şərqi Avropa ölkələri üçün də post-monitorinq prosedurları mövcuddur. Yəni, sabah bizim bu qrupla əməkdaşlığımız dayandırılıb, bütün öhdəliklərin yerinə yetirildiyi söylənsə belə, post-monitorinq prosedurları olacaq. AQO qrupu ilə çox səmərəli iş aparılır, hələlik qrupla əməkdaşlığı dayandırmaq məsələsi gündəlikdə deyil.

Avropa Şurasının yüksək səviyyəli təmsilçilərinin Azərbaycana səfərləri gözlənilirmi?

- Bu il sentyabrın 2-8-də Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqin Azərbaycana səfəri nəzərdə tutulub. Komissar səfəri çərçivəsində Sumqayıt və Gəncəyə də gedəcək. Mən özüm də bu səfərdə iştirak edəcəyəm, səfərdən sonra isə onun məruzəsi hazırlanacaq.

- AŞ PA prezidenti Rene van der Lindenin səlahiyyət müddəti 2008-ci ilin yanvarında başa çatır. Sizcə, bu posta ən real namizəd kimdir?

- Məncə, indiki reallıqda Rusiya Dumasının AS PA-dakı nümayəndə heyətinin rəhbəri Mixail Margelovun namizədliyi gündəlikdədir. Onun namizədliyi çox dəstəklənir, buna görə də bu posta seçilməsi ehtimalı böyükdür.

- AŞ PA-nın Dağlıq Qarabağla bağlı alt komitəsinin üzvlərinin regiona səfəri ilə bağlı hansı yeniliklər var?

- Lord Rassel Constonun rəhbərlik etdiyi Dağlıq Qarabağla bağlı alt komitənin sonuncu iclasına faktiki olaraq erməni tərəfi gəlməmişdi. Bu, Avropa Şurasında böyük narazılıqla qarşılandı. Biz komitə üzvlərinin regiona səfərinə heç bir etiraz etməmişik, hər dəfə də alt komitənin işində fəal iştirak etmişik. Amma indi Lord Rassel Conston təqaüdə çıxması ilə əlaqədar artıq alt komitədəki fəaliyyətini dayandırıb. Ona görə də bu məsələnin müəyyən müddətə təxirə salınması mümkündür. Həm də danışıqlar prosesində hər hansı razılıq olmadığı üçün səfər hələlik təxirə salınır. Eyni zamanda erməni tərəfi bu məsələdə özünü çox qeyri-konstruktiv aparıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR