İranın xarici işlər naziri Abbas Əraqçi ilə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bu gün səhər telefon danışığı apararaq regional prosesləri və ikitərəfli münasibətləri müzakirə ediblər.
APA-nın Tehran bürosunun məlumatına görə, Cənubi Koreyanın xarici işlər naziri telefon danışığı zamanı İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayaraq, ölkəsinin Qərbi Asiyada sülh və sabitliyin qorunmasına, eləcə də təhlükəsiz gəmiçiliyin təmin edilməsinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.
İranın xarici işlər naziri isə koreyalı həmkarını danışıqların son gedişi, əldə olunmuş razılaşmaların icrasında qeydə alınan irəliləyişlər və bu çərçivədə aparılan məsləhətləşmələr barədə məlumatlandırıb.
Tərəflər, həmçinin ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apararaq, siyasi məsləhətləşmələrin davam etdirilməsi və birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.