Bank Of Baku

Andres Herkel: “Bizim Azərbaycana səfərimizin vaxtını müəyyənləşdirmək üçün yeni həmməruzəçinin təyin edilməsini gözləmək lazım gələcək”

Andres Herkel: “Bizim Azərbaycana səfərimizin vaxtını müəyyənləşdirmək üçün yeni həmməruzəçinin təyin edilməsini gözləmək lazım gələcək”
# 02 oktyabr 2007 14:46 (UTC +04:00)
Bu sözləri APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Monitorinq Komitəsinin toplantısında, əsasən, bu il sentyabrın əvvəlində Parisdə keçirilən iclasda qaldırdığı məsələlərə toxunduğunu qeyd edən A. Herkel gələn il daha da yaxşı seçkilər keçirmək üçün Venesiya Komissiyası ilə Azərbaycan arasında Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq formalarına bir qədər də aydınlıq gətirildiyini bildirib: “Bundan başqa, mən Azərbaycanda söz azadlığı, jurnalistlərin həbsi və siyasi məhbus məsələlərini qaldırdım. Çox məyusam ki, siyasi məhbuslar üzrə işçi qrupu yenə görüşməyib və bu qrupun işində nəzərə çarpacaq nəticələr yoxdur”. Bugünkü müzakirələrdə Azərbaycan üzrə ikinci həmməruzəçi məsələsinə də toxunduqlarını deyən A. Herkel həmkarı Toni Lloydun Britaniya Parlamentində Leyboristlər fraksiyasının üzvü kimi işinin çoxluğu ilə əlaqədar həmməruzəçi kimi fəaliyyətini dayandırmalı olduğunu bildirib: “Bizim Azərbaycana səfərimizin vaxtını müəyyənləşdirmək üçün yeni həmməruzəçinin təyin edilməsini gözləmək lazım gələcək. Bu məsələ təbii ki, həllini tapacaq, lakin yeni həmməruzəçinin payız sessiyasında təyin olunacağına inanmıram”. A. Herkel yeni həmməruzəçinin sosialistlər qrupundan olacağını desə də, son qərarın Monitorinq Komitəsi tərəfindən veriləcəyini vurğulayıb: “Venesiya Komissiyası ilə Azərbaycan arasında danışıqlar ilin sonuna qədər bitsə, ölkə parlamenti qanunlara dəyişiklikləri təsdiqləsə, biz gələn ilin əvvəlində bu qanunun implementasiyasını yoxlamaq üçün Azərbaycana səfər edə bilərik”. Siyasi məhbuslarla bağlı Azərbaycan üzrə yeni məruzəçinin təyin olması təklifinə gəlincə, A. Herkel bunun, əsasən, ASPA-nın Hüquq Komitəsindən asılı məsələ olduğunu deyib: “Hesab edirəm ki, bu məsələ ilə bağlı yəni məruzəçi təyin edilsə, Azərbaycan üzrə həmməruzəçilərin - yəni bizim işimiz də asanlaşar, digər əhəmiyyəti məsələlər - demokratik institutların qurulması və inkişaf etdirilməsi kimi problemlərlə məşğul olmaq üçün daha çox vaxtımız qalar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR