Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin yüksək tribunasından erməni xalqına müraciət edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin yüksək tribunasından erməni xalqına müraciət edib
# 04 oktyabr 2007 09:11 (UTC +04:00)
Nazir bəyan edib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində 1992-ci ildən davam edən danışıqlar nəticə verməyib. Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu deyən Məmmədyarov xatırladıb ki, bu münaqişə əhalinin kütləvi köçürülməsinə gətirib çıxarıb və hazırda Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün var. Azərbaycanın mövqeyini bir daha xatırladan nazir münaqişənin yalnız beynəlxalq hüquq normaları və prinsipləri, BMT-nin müvafiq qətnamələri əsasında həllinin vacibliyini vurğulayıb. Nazir yüksək tribunadan erməni xalqına müraciət edib: “Ermənilər gərək başa düşələr ki, onların regionda sülh və sabitliyi pozan siyasəti çox təhlükəli və qeyri-produktivdir, bu siyasət Ermənistanın inkişafı üçün böyük təhlükələrə gətirə bilər. Heç kimdə şübhə olmamalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək, bu yalnız vaxt məsələsidir”. Nazir öz çıxışında BMT-nin fəaliyyətinin effektini artırmaq üçün təkliflər verib: “BMT Təhlükəsizlik Şurası daha demokratik orqan olmalı, eyni zamanda universal xarakter daşımalı, balanslaşdırılmış coğrafi nümayəndəlik olmalıdır. BMT Baş Assambleyasının fəaliyyətinin gücləndirilməsi vacibdir”. Çıxışında regional məsələlərə toxunan Elmar Məmmədyarov enerji təhlükəsizliyi, Azərbaycanda həyata keçirilən enerji layihələri, mövcud enerji dəhlizləri barədə danışıb. Azərbaycan iqtisadiyyatının inkişafının yalnız enerji daşıyıcılarının dünya bazarına çıxışı ilə əlaqədar olmadığını deyən XİN rəhbəri keçən il Azərbaycan iqtisadiyyatının həcminin 34 faiz artdığını, bu il qeyd olunan artımın 35 faizdən çox olduğunu bildirib. Ölkənin dövlət büdcəsinin 4 dəfə artdığını bildirən Elmar Məmmədyarov işsizlik və yoxsulluğun azaldığını, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun artdığını, bu istiqamətdə daxili yatırımların xarici yatırımların üstələdiyini qeyd edib. GUAM-ın fəaliyyətinə toxunan XİN başçısı əsas prioritetin bu qurumun Avropa və Asiya arasında körpü rolunu dünyaya çatdırmaq və bu potensialdan istifadə etmək olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR