Bank Of Baku

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən reportaj - FOTOSESSİYA

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən reportaj - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 10 oktyabr 2007 15:47 (UTC +04:00)
“Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindəki filan məhbusun vəziyyəti ağırdır... Filankəs ölüm ayağındadır...” Bu informasiyalardan sonra Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən bir reportaj hazırlamaq ideyası yarandı. Xidmətin rəisi Nazim Ələkbərova ünvanladığımız müraciətə heyrətamiz operativliklə müsbət reaksiya verildi və APA mətbuatın hər gün xəbərlər yazdığı “xəstə məhbuslar” mövzusunun mərkəzinə-Müalicə Müəssisəsinə gedib, eksklüziv reportaj hazırlayıb.
... Həyətdə gəzişən ağ xalatlılar, dərman qoxusu, divar boyu əkilmiş gül-çiçək kolları buranın xəstəxana olduğunu deyir. Amma yox, hündür daş hasarın üstündən çəkilən tikanlı məftillər, girişdən başlanan dəmir nizam-intizam, hər açılıb-örtülən qapının insanın çiyninə ağırlıq çökdürən səsi bu yerin cəzaçəkmə müəssisəsi olmasını unutmağa imkan vermir.
Cəzaçəkmə Müəssisəsinin rəisi İsmayıl Həsənovla, baş həkim Rəşad Dəmirovla müəssisənin korpuslarını, müayinə kabinetlərini, palataları dolaşırıq. Müəssisənin rəhbəri burada məhkumların müayinə və müalicələri üçün şərait olduğunu, bir sıra məsələlərin artıq həll edildiyini deyir: “Əvvəllər burada ultrasəs müayinəsi üçün aparatımız, müasir rentgen kabinetimiz yox idi, avadanlıqların bir qismi köhnəlmişdi. Amma son illərdə Ədliyyə Nazirliyinin göstərdiyi diqqət nəticəsində problemlər aradan qaldırılır. Müasir tibbi avadanlıq alınıb, müayinə üçün demək olar ki, bütün imkanlar yaradılıb. Burda xəstəyə operativ diaqnoz qoyub, müalicəsinə başlaya bilirik”.
Baş həkim Rəşad Dəmirov isə xəstəxanada cərrahiyyə, yoluxucu, dəri-zöhrəvi, nevroloji, ruhi xəstəliklər, terapiya şöbələrinin fəaliyyət göstərdiyini, qadınlar, narkoman məhkumlar, əvvəllər hüquq-mühafizə orqanlarında, dövlət qulluğunda çalışanlar isə ayrıca korpusların olduğunu söyləyir. Xəstələr əsasən maqnit-rezonans müayinəsi tələb olunan zaman və dializ aparatına qoşulmaq üçün Neyrocərrahiyyə Xəstəxanasına və ya Mərkəzi Neftçilər Xəstəxanasına göndərilirlər. Ölkədə cəza çəkən bütün xəstə məhkumlar altı aydan bir müəssisədə müayinədən keçirlər: “Müəssisənin ştatda olan mütəxəssisləri var, lazım olanda kənardan bizimlə əməkdaşlıq edən həkimləri buraya dəvət edirik”.
Rentgen və laboratoriya ilə tanışlıq zamanı vərəm riskinə görə bütün məhkumların vaxtlı-vaxtında müayinəsindən keçirildiyi vurğulanır.
Müəssisədə QİÇS-lə bağlı analizlər aparacaq laboratoriyanın qurulması da nəzərdə tutulub, artıq avadanlıqlar da xəstəxanadadır. Bu avadanlıqları QİÇS, vərəm və malyariya üzrə Qlobal Fond tərəfindən hədiyyə edilib. Baş həkim deyir ki, gələn il istifadəyə veriləcək laboratoriyanın MDB-də analoqu olmayacaq. İndilik isə bu virusa yoluxma təhlükəsi olan şübhəlilər ölkədəki yeganə QİÇS Mərkəzinə göndərilirlər.
Baş həkim onu da qeyd edir ki, hazırda bu Müalicə Mərkəzində də QİÇS-ə yoluxan xəstələr müalicə olunur. Amma həkim onların sayını söyləmir...
Endoskopiya-qastroskopiya, ultrasəs, EKQ kabinetlərində olarkən bura müasir avadanlıqlar gətirildiyini görürük. Endoskopiya üzrə mütəxəssis yaxınlarda kolonoskopiya kabineti (yoğun bağırsağın müayinəsi üçün) üçün avadanlıqlar da quraşdırılacağını deyir.
Cərrahiyyə şöbəsi üçün isə ən müasir avadanlıqların alınması nəzərdə tutulur. Biz orda olarkən həkim on gün əvvəl sol ayağı amputasiya edilən məhkum Zaur Bayramovun yarasını müayinə edirdi. Cərrahiyyə şöbəsinin müdiri, tibb xidməti mayoru Bəyalı Məmmədov dedi ki, 11 saylı həbsxanadan buraya gətirilən xəstə Cinayət Məcəlləsinin 234-cü maddəsi (narkotik vasitələrdən istifadə) üzrə həbs edilib. Həkimin sözlərinə görə, onun ayağındakı problem də narkotikdən istifadə nəticəsində yaranıb. Şöbə müdiri əlavə etdi ki, bu il burda əməliyyat edilən xəstələrdən dünyasını dəyişənlər olmayıb: “Günün istənilən vaxtı əməliyyat aparırıq. Məsələn, dünən burada üç əməliyyat keçirmişik”.
Bir müddət əvvəl bu müəssisədə müalicə alan “Noto-bene” qəzetinin məsləhətçisi Fərəməz Allahverdiyevin burada əməliyyat olunmaqdan imtina etməsi faktını xatırladırıq. Müəssisə rəhbəri isə onun bu qərara özünü yaxşı hiss etməsi səbəbindən gəldiyini deyir: “Burada bütün əməliyyatların aparılması üçün imkanlar var. Fərəməz Allahverdiyev özü əməliyyat olunmaq istəmədi, dedi ki, bunun üçün sonra gələcəyəm. O, buradan gedəndə özünü yaxşı hiss edirdi”.
Müəssisədə çox qəribə bir stendlə də qarşılaşırıq. Burda intihara cəhd edən məhbusların müxtəlif orqanlarından əməliyyat nəticəsində çıxarılan alətlər nümayiş olunur: çay qaşığı, xörək qaşığı, çəngəl hissələri, paslı dəmir, termometr, bədənlərinə xəsarət yetirdikləri müxtəlif dəmir parçaları...
... Xəstə palatalarını dolaşırıq. Gözümüz məşhur məhbusları Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyev, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit, Afiyəddin Cəlilovu qətlə yetirmiş “ömürlük məhbus” Dəyanət Kərimovu axtarır. Akif Muradverdiyev heç kimlə görüşmək istəmirmiş. Həkimlər onun nevroloji şöbədə müalicə olunduğunu bildirir.
Mirzə Sakit və Dəyanət Kərimov isə görüşə razılaşırlar. Əvvəl Sakitlə görüşürük, hal-əhval tutanda əsəb gərginliyindən, ürək ağrılarından əziyyət çəkdiyini deyir: “Bir də ayaqlarımda quruma gedirdi. İndi bu problem aradan qalxıb. Mənim burdan narazılığım yoxdur, müalicə olunmaq, mənə münasibət sarıdan heç bir problem yoxdur. Rəisdən də, həkimlərdən də çox razıyam”. O, buradan saxlanıldığı 14 saylı Cəzaçəkmə Müəssisəsinə yox, ailəsinin yaşadığı ünvana daha yaxın həbsxanaya köçürülməsini istəyir. Oktyabrın 19-da 48 yaşını tamamlamağa hazırlaşan Mirzə Sakit onu müdafiə edən, yaddan çıxarmayan həmkarlarına, yaxınlarına təşəkkürlərini çatdırmağımızı xahiş edir. Onu da deyir ki, həbsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb: “Məndə olan məlumata görə, anam əfvlə bağlı müraciət edib. Bu da onun hüququdur”. M. Sakit burda yaradıcılıqla məşğul olduğunu da deyir.
Sol ayağında yaranan problemlə bağlı müəssisədə müalicə olunan ömürlük məhbus, Milli Məclisin sabiq vitse-spikeri Afiyəddin Cəlilovun ölümündə təqsirli bilinərək həbs olunan Dəyanət Kərimovla da görüşürük. Müalicəsindən, ona olan münasibətdən razılıq edir, səhhətinin normallaşdığını deyir. Amma şəklini çəkməyimizi istəmir...
Qeyd edək ki, müəssisə 1956-cı ildə istifadəyə verilib. /APA/



Mirzə Sakit



Məhbusların daxili orqanlarından çıxarılmış əşyalar












Cərrahiyyə şöbəsinin müdiri Bəyalı Məmmədov





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR