Bank Of Baku

ABŞ və Rusiyanın Moskvada keçirilən 2+2 formatlı görüşü heç bir razılıq əldə olunmadan başa çatıb

ABŞ və Rusiyanın Moskvada keçirilən 2+2 formatlı görüşü heç bir razılıq əldə olunmadan başa çatıb
# 12 oktyabr 2007 20:42 (UTC +04:00)
Görüşdə xüsusilə Vaşinqtonun Avropada raketdən müdafiə sistemi planını müzakirə edilib. APA “Azadlıq” radiosuna istinadən xəbər verir ki, görüşdə razılıq əldə olunmayıb. Müzakirələrdə təkcə Qəbələ RLS-in ABŞ-a lazım olmaması ortaya çıxıb. Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib ki, Qəbələ RLS Vladimir Putinin dediyi kimi, lazımi missiyanı yerinə yetirməyə hazırdır, bunu Qəbələdə olan amerikalılar da görüblər və Amerikanın istəyi olacağı təqdirdə Rusiya Qəbələ RLS-i müasirləşdirilməyə hazırdır.
Amerikanın müdafiə naziri Robert Geyts bildirib ki, Azərbaycanda olan ekspertlərin rəyiylə tam tanış deyil, amma məlumata görə, Qəbələdəki radarın çoxlu faydalı funksiyaları var. Ancaq Qəbələ RLS Avropada yerləşdiriləcək raketdən müdafiə sisteminin işini görə bilməz. Yəni Amerika Avropada raketdən müdafiə sistemi planından imtina etmir.
Rusiya isə Amerikaya cavab addımı atmalı olduğunu deyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Kondaliza Rays və Robert Geytslə görüşdən sonra deyib ki, Amerika Avropada raketdən müdafiə sistemi yaratsa, Rusiya təhlükənin qarşısını almaq üçün tədbir görməli olacaq.
Moskva görüşünün gərgin olacağı əvvəldən məlum idi. Çünki Amerikanın Dövlət katibi Kondaliza Rays Moskvaya yola düşəndə də deyib ki, Azərbaycandakı stansiyadan istifadəyə böyük maraq var. Amma Amerika Çexiya və Polşada raketdən müdafiə sistemi yaratmaq planından imtina etmək niyyətində deyil. Rusiya isə bu planın reallaşmasına imkan vermək fikrində deyil və planın ləğv olunmasını istəyir.
Bu gün Putin Raysla Geytsi 40 dəqiqə gözlədəndən sonra görüşə kəskin monoloqla başlayıb. O, Rusiyanın Avropada “Adi silahlara nəzarət” haqqında razılaşmadan çıxa biləcəyini söyləyib. Putin həmçinin ABŞ-ın raketdən müdafiə sistemi ilə bağlı reallaşdırmağa tələsməyəcəyinə ümid etdiyini də söyləyib: “Əminəm ki, həmkarlarınızla raketdən müdafiə problemindən danışmaq imkanınız olub və olacaq. Mən bildiyimə görə, əməkdaşlığımızın inkişafı barədə sizin öz fikriniz var. Yeganə vurğulamaq istədiyim şey odur ki, ümid edirik ki, bu çətin danışıqlarda siz Şərqi Avropa ölkələriylə əvvəlki razılaşmalarınızın üstünə düşməyəcəksiniz”. Putin deyib ki, Avropada raketdən müdafiə sistemi yaratmaqla Vaşinqton Moskvayla münasibətlərini korlaya bilər.
Amma danışıqlardan sonra Sergey Lavrov onu da bildirib ki, Amerika Rusiyaya başqa variant təklif edib və Moskva təklifi götür-qoy edəcək. Robert Geyts deyib ki, Amerika raketdən müdafiə sistemi məsələsini hələ ki, açıq saxlamaq qərarına gəlib. Kondaliza Rays isə bildirib ki, onların Avropada raketdən müdafiə sistemi planı qüvvədə qalacaq, amma bundan sonra Rusiyanın narahatlığı da nəzərə alınacaq. Rays bildirib ki, görüşdə onlar rusları narahat edən suallara cavab verməyə çalışıblar və inanırlar ki, Amerika planının məğzini, hansı təhlükəylə üzləşdiyini Rusiyaya çatdıracaq.
Tərəflər danışıqları yaxın 6 ay ərzində davam etdirmək niyyətindədirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR