Bank Of Baku

Xəzəryanı ölkələrin dövlət başçıları Tehran sammitində çıxış ediblər

Xəzəryanı ölkələrin dövlət başçıları Tehran sammitində çıxış ediblər
# 16 oktyabr 2007 12:21 (UTC +04:00)
APA-nın “İran TV” ilə birlikdə sammitin işini izləyən əməkdaşının məlumatına görə, bu sözləri Xəzəryanı ölkələrin dövlət başçılarının bu gün Tehranda keçirilən II sammitindəki çıxışında İran prezidenti Mahmud Əhmədinejad deyib. İran prezidenti 5 il əvvəlki sammitdən sonra sahilyanı ölkələr arasında inteqrasiya və siyasi əlaqələrin inkişaf etdiyini deyib. O bildirib ki. “Xəzər dənizinin sahibləri olan millətlər dənizin hüquqi statusu ətrafında gedən müzakirələrin müsbət nəticələnməsini gözləyirlər”. İran prezidenti məsələ ilə bağlı artıq bir çox prinsiplər üzrə razılaşma əldə olunduğunu, bəzi hüquqi aspektlər ətrafında müzakirələrin davam etdirildiyini, tərəflərin ciddi iradəsi və pozitiv yanaşmalarının gələcəyə böyük ümid yaratdığını da deyib: “ Xəzərdə ticari daşınmalar, gəmilərin sahilyanı dövlətlərdən qeyri ölkələrin bayrağı altında hərəkət etməsi, balıqçılıq zonasının təyin olunması ilə bağlı məsələlərin hüquqi əsasları üzərində iş gedir. Bununla yanaşı, Xəzərin hüquqi statusuna aid digər məsələlərin müzakirəsinə də ehtiyac var”.
M. Əhmədinejad Xəzəryanı ölkələrin 250 milyon nəfərlik əhali sayına malik olması, bu ölkələrin iqtisadi əməkdaşlıq imkanlarının genişliyi barədə də danışıb. O, Xəzərdə Şimal-Cənub dəhlizinin mövcudluğunu xatırladıb. İran prezidenti Xəzərdə hərbi qarşıdurmaların qarşısının alınması, kənar müdaxilələrə yol verilməməsi, dənizin müxtəlif cinayətlərin və trafiklərin məskəninə çevrilməməsi üçün sahilyanı ölkələrin regional əməkdaşlığına ehtiyac olduğunu da vurğulayıb. O, bu məqsədlə ayrıca bir təşkilat yaradılmasını da təklif edib. İran prezidenti ölkəsinin Xəzərlə bağlı mövqeyini də açıqlayıb: “Xəzər qapalı dənizdir, ancaq sahilyanı ölkələrin hərbi və ticari gəmiləri buradan istifadə edə bilər”. İran prezidenti ölkələrarası mədəni və turizm əlaqələrinin genişləndirilməsinin zəruriliyini də bildirib: “Biz regionda olan enerji mənbələrini mövcudluğunu, ixrac və nəql etmədə ekoloji amillər nəzərə almaqla əməkdaşlıq edə bilərik. Xəzərin ekoloji təmizliyi ilə bağlı təsdiq edilmiş Tehran Konvensiyasında göstərilib ki, sahilyanı ölkələrin hamısı öz fəaliyyətlərində dənizin təmizliyinin qorunmasını əsas amillərdən biri kimi nəzərə almalıdırlar. Əgər bu konvensiyanın icrasına əlavə və dəyişikliklər də təsdiq olunsa, Xəzərin ekoloji təmizliyində əhəmiyyətli uğurlar əldə etmək mümkündür”.
İran prezidenti həmçinin Xəzərin statusu ilə bağlı müzakirələrdə faydalı və daha tez nəticə əldə edilməsi üçün sahilyanı ölkələrin rəhbərlərinin və xarici işlər nazirlərinin görüşlərinin davamlı keçirilməsini də təklif edib.
Azərbaycan prezidenti İlham Əliyev Tehranda keçirilən Xəzəryanı ölkələrin başçılarının sammitindəki çıxışını qonaqpərvərliyə görə İran prezidentinə təşəkkür etməklə başlayıb. İ. Əliyev 2002-ci ildə I sammitin Aşqabadda keçirildiyini də xatırladıb: “Birinci sammit Xəzərin yeni hüquqi statusunun müəyyənləşməsi üçün müzakirələrin başlanmasına zəmin yaratdı”. Azərbaycan prezidenti bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı XİN rəhbərlərinin və işçi qruplarının ötən illər ərzində keçirdikləri görüşlərdə çoxlu təcrübələr əldə olunub: “Ümid edirik ki, Tehranda keçirilən zirvə görüşü sahilyanı ölkələrin bir-biriləri ilə əlaqələrinin gücləndirilməsinə kömək edərək, mövqelərimizin yaxınlaşmasına şərait yaradacaq”. İlham Əliyev Azərbaycanın Xəzərin statusu haqqında mövqeyinin dəyişməz olaraq qaldığını və sammitdə müştərək bəyannamənin imzalanmasının sahilyanı ölkələrin həmkarlığının güclənməsinə kömək edəcəyini söyləyib: “ Xəzərin əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq, ondan yalnız dinc məqsədlərlə istifadə olunmasını, hüquqi status çərçivəsində silahsızlaşdırma və təhlükəsizlik prinsiplərinin müəyyən edilməsini, eyni zamanda, digər dənizlərə və dünya okeanına çıxışı olmayan sahilyanı ölkələrin gəmilərinə ümumi razılaşmalar çərçivəsində azad tranzit imkanlarının saxlanmasını vacib hesab edirəm.
Azərbaycan Xəzər dənizinin bioloji ehtiyatlarının və ətraf mühitinin qorunmasının vacibliyini vurğulayaraq, Xəzərin bioloji müxtəlifliyinin, təbii ehtiyatlarının istifadəsi və çoxaldılması məqsədi ilə ekoloji problemlərin həllində də əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Bu istiqamətdə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın imzalanmasını, qüvvəyə minməsini və Birinci Tərəflər konfransının cari ilin may ayında Bakı şəhərində keçirilməsini alqışlayıram.
Azərbaycan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın Katibliyinin Bakıda yerləşməsinə hazır olduğunu da bəyan edir.
Azərbaycan etibarlı qonşu və tərəfdaşdır və biz bunu dəfələrlə nümayiş və sübut etmişik. Qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişafı və genişlənməsi bizim xarici siyasət xəttimizin əsas istiqamətlərindən biridir.
İnanıram ki, Tehran zirvə görüşü və burada qəbul edəcəyimiz Bəyannamə Xəzəryanı dövlətlərin əməkdaşlığını bütün sahələrdə daha da inkişaf etdirmək, regionumuzda sabitliyi və sülhü təmin etmək işində mühüm dönüş mərhələsi olacaqdır və Xəzər sülh, dostluq və əməkdaşlıq dənizinə çevriləcək”.
Rusiya prezidenti Vladimir Putin də Xəzəryanı ölkələrin Tehranda keçirilən sammitində çıxışı zamanı bildirib ki, Xəzər dənizi dövlət sərhədləri ilə inhisara alınmamalıdır: “Xəzər ümumi istifadəyə nə qədər açıq olsa, sahilyanı ölkələr bir o qədər iqtisadi cəhətdən inkişaf edəcək”. V. Putin Xəzərdə olan enerji resurslarından istifadə üçün dənizin yeni statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyasının təsdiqini gözləməməyi məsləhət görüb: “Bu gün Xəzər dənizində gəmilərin sahilyanı ölkələrin milli bayraqlarından istifadə edərək, üzməsi mühümdür. Biz digər ölkələrin Xəzərdən sahilyanı dövlətlərin ziyanına istifadəsinə imkan verməməliyik”. Rusiya prezidenti Xəzərdə bütün sahələr üzrə təhlükəsizliyin təmin olunmasını da əhəmiyyətli hesab edib: “Rusiya təhlükəsizliyin təminatı üçün sülhməramlı müştərək qrupun yaradılmasını təklif edir”.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Xəzərdə silahlanma haqqında razılaşma üçün beştərəfli mexanizm təsbit olunmasının vacibliyini vurğulayıb: “Biz Xəzərdə hərbi fəaliyyətlərin sahilyanı ölkələrin sərhədləri çərçivəsində məhdudlaşdırılmasının tərəfdarıyıq. Xəzəryanı ölkələrin indiki müzakirələri geniş həmkarlıq üçün çalışmaların göstəricisidir. Qazaxıstanda sahilyanı ölkələrin hamısı ilə əməkdaşlığın genişlənməsi üçün çalışır. Biz sahilyanı ölkələrin görüşlərinin ardıcıl keçirilməsi ilə bağlı təklifi dəstəkləyirik. Sahilyanı ölkələrin ekspert qruplarının müzakirələrini də müsbət dəyərləndiririk. Xəzərin hüquqi statusu ilə bağlı Tehran Konvensiyasının layihəsini gözləyirik. Bu layihə sahilyanı ölkələrin əməkdaşlığının inkişafına imkan yaradacaq”.
Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov Xəzəryanı ölkələrin hər bir razılaşmasının beştərəfli olmasının zəruriliyini bildirib. O, Xəzərin statusu müəyyənləşməyənə qədər buradakı mübahisəli karbohidrogen yataqlarının istismarının əleyhinə olduqlarını da söyləyib.
Dövlət başçılarının ekspertlərin iştirakı ilə qapalı görüş başa çatıb və birgə mətbuat konfransı başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR