Bank Of Baku

Valeri Çeçelaşvili: “Bakı sammitini GUAM-ın inkişafında dönüş nöqtəsi hesab edirəm”

Valeri Çeçelaşvili: “Bakı sammitini GUAM-ın inkişafında dönüş nöqtəsi hesab edirəm”
# 19 oktyabr 2007 09:45 (UTC +04:00)
Valeri Çeçelasvili 1961-ci ildə Gürcüstanda doğulub. Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. 1987-ci ildən diplomatik fəaliyyətdədir. Ayrı-ayrı vaxtlarda Gürcüstanın Rusiya Federasiyası, İsveçrə, Ukrayna və Moldovada fövqəladə və səlahiyyətli səfiri, Gürcüstanın BMT-də daimi nümayəndəsi, 2000-2004-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bas katibi, Gürcüstanın maliyyə naziri, Gürcüstan xarici işlər nazirinin birinci muavini vəzifələrində çalışıb. 2007-ci ilin əvvəlindən GUAM-ın baş katibidir. Rus və ingilis dillərini səlis, Ukrayna və türk dillərini isə danışıq səviyyəsində bilir. İqtisad elmləri namizədidir. Üç övladı var.

- GUAM-ın yaranmasının 10 illiyi münasibətilə hansı tədbirlər planlaşdırılır?
- Oktyabrın 10-da Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Viktor Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili, Moldova nümayəndə heyəti, həmçinin Latviya prezidenti Valdis Zatlers, Litva prezidenti Valdas Adamkus, Polsa prezidenti Lex Kaçinski və ABŞ energetika nazirinin müavininin də qatıldığı enerji sammitindən sonra GUAM-ın 10 illiyi ilə bağlı xüsusi bayram tədbirlərinin keçirilməsinə ehtiyac qalmadı. Bir şey dəqiqdir ki, Bakıda GUAM ölkələri iş adamlarının forumu, Kiyevdə isə GUAM ölkələri rəssamlarının sərgisi olacaq. Yəqin ki, oktyabrın sonu, noyabrın əvvəllərində bu tədbirlərə hazırlıq başa çatacaq.
- GUAM sülhməramlılarının yaradılmasının gecikməsi nə ilə əlaqədardır?
- Bu istiqamətdə işlər davam edir. Şübhəsiz ki, yaradılacaq sülhməramlı qüvvələr beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərəcək. Bildiyiniz kimi, GUAM ən əvvəl iqtisadi qurumdur və özünün sülhməramlı qüvvələrini yaratması əsas məqsəd deyil. Məqsəd ATƏT və BMT-nin bu ölkələrdəki münaqişələrə diqqətini daha da artırmaq və lazım olan məqamda beynəlxalq ictimaiyyətin potensialından istifadə etməkdir. Bu qüvvələrdən yuxarıda sadaladığım nüfuzlu beynəlxalq təşkilatların köməyi ilə yalnız və yalnız dinc məqsədlər üçün istifadə olunması nəzərdə tutulur. Amma bütün bunlar müəyyən vaxt tələb edir.
- GUAM-ABŞ, GUAM-Litva, GUAM-Polşa görüşləri təşkilatı inkişafına necə təsir göstərəcək?
- GUAM-ABŞ danışıqlarında beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, Polşa və Litva ilə münasibətlərdə Odessa-Brodı-Qdansk-Plotsk neft kəmərinin perspektivləri, turizm, Yaponiya nümayəndələri ilə görüşlərimizdə isə yeni texnologiyalar, enerjiyə qənaət və s. məsələlər aktuallıq kəsb edir. Həmişə dediyimiz kimi, GUAM açıq təşkilatdır, yeni tərəfdaşlara münasibətimiz həmişə müsbətdir və bu tipli görüşlər təşkilatımızın inkişafına xidmət edir.
- Polşanın təşkilata üzv olması ehtimalı və ümumilikdə qurumun genişlənməsi perspektivi haqda nə deyə bilərsiniz?
- Polşanın GUAM-a üzv olub-olmaması ən vacib məsələ deyil. Əsas olan budur ki, Polşa Şərq-Qərb iqtisadi proqramlarında yaxından iştirak etməyə xüsusi maraq göstərir. Bu gün Polşa Avropa Birliyinin üzvü olan ölkələr arasında bizə ən yaxın tərəfdaşdır və onun gələcəkdə GUAM-a tamhüquqlu üzv olması mümkündür. Bu, GUAM üçün vacib sayılan azad iqtisadi zonanın sərhədlərini genişləndirərdi. 2006-cı ilin göstəricilərinə görə, GUAM ölkələri arasında mal dövriyyəsinin həcmi 2 milyard dollar olmuşdusa, bu ilin 8 ayının nəticələrinə əsasən bu rəqəm 3 milyardı keçib. Məsələn, Gürcüstanının Türkiyədən sonra ən çox iqtisadi münasibətdə olduğu dövlətlər Azərbaycan və Ukraynadır. Belə hesab edirəm ki, bizim təşkilata üzv olmaq istənilən halda Polşa kimi demokratik dəyərlərə sadiq bir dövlətə yalnız müsbəti perspektivlər vəd edər.
- Gürcüstan və Ukraynada son vaxtlar yaranan qeyri-sabitlik GUAM-ın fəaliyyətinə mənfi təsir göstərirmi?
- Hesab etmirəm ki, Ukrayna və Gürcüstanda qeyri-sabitlik var. Bu ölkələr demokratik inkişaf yolundadır, bunu bütün dünya ictimaiyyəti bilir. Sadəcə, bu ölkələrdə eyni problemə müxtəlif yanaşmalar mövcuddur və təbii ki, bəzən bu, həqiqətdən uzaq yozmalara səbəb olur. Məsələn, Ukraynadakı son seçkilərin nəticələrini bütün siyasi qüvvələr qəbul etdi və ölkə demokratik dəyərlərə sadiqliyini bütün dünyaya bir daha çatdıra bildi.
- GUAM-ın ofisi və strukturunun formalaşması işi hansı mərhələdədir?
- GUAM-ın Kiyev ofisinin strukturlaşması başa çatmaq üzrədir. Ofisimizdə təmir işləri basa çatır. Bildiyiniz kimi, Ukrayna Ali Radası və Moldova parlamenti GUAM çərçivəsində qəbul olunan sənədləri hələ ki ratifikasiya etməyib. Ukraynada yaranacaq parlament koalisiyasının həm katiblik və maliyyə haqqında sənədləri, həm də GUAM-ın Nizamnaməsini təsdiqləyəcəyinə ümidvarıq. Nizamnamənin katiblikdən bəhs edən 19-cu maddəsinə görə, qəbul olunan sənədlər ratifikasiya olunan gündən qüvvəyə minir.
- GUAM-a üzv ölkələrin MDB-də qalmaları artıq formal xarakter daşımırmı? MDB-nin sonuncu sammitində Gürcüstan prezidenti heç bir sənədə imza atmadı.
- Hər GUAM üzvü həm MDB-də, həm də digər beynəlxalq qurumlarda qalıb-qalmamağı özü həll edir. Biz hesab edirik ki, MDB-nin resurslarından axıra qədər istifadə olunmayıb. MDB-nin sənədlərinə vaxtaşırı bu və ya başqa dövlətin öz milli maraqları baxımından imza atmaması məncə normal bir şeydir.
- GUAM ərazisindəki “dondurulmuş münaqişələr”lə bağlı hansısa sənədlərin hazırlanması və konkret işlər görülməsi planlaşdırılırmı?
- Daxili münaqişələr məsələsinə görüşlərimizdə həmişə xüsusi yer ayırırıq. GUAM dövlətlərindəki 4 daxili hərbi konfliktlə bağlı məsələ bizim səylərimiz nəticəsində BMT-nin gündəliyinə çıxarılmışdı. Biz bu səpkidə səylərimizi birləşdirmək və daha da gücləndirmək əzmindəyik. Hərbi münaqişələrlə bağlı məsələ daim diqqətimizdədir və bu baxımdan göruləsi işlərimiz çoxdur.
- GUAM-ın Bakıda keçirilmiş sonuncu sammitinin nəticələrini necə qiymətləndirirsiniz?
- Bakı sammitini GUAM-ın inkişafında dönüş nöqtəsi hesab edirəm. Bu sammitdən sonra ölkələrdaxili inteqrasiya, iqtisadiyyatın mühüm və konkret sahələri, hüquq-mühafizə, mədəni, humanitar, təhsil və digər sahələrdə işlərimiz, yeni tərəfdaşlarla münasibətlər intensivləşib. Məsələn, bu gün Ukraynanın xarici mal dövriyyəsinin 5 faizi GUAM ölkələrinin payına düşür. Hesablamalarımıza görə, yaxın gələcəkdə dövlətlərarası mal dövriyyəsinin həcmi 10 milyard ABS dolları olacaq. Təkrar edirəm, Bakı sammiti fəaliyyətimizdə dönüş nöqtəsi oldu. O ki qaldi sizin xalqınıza, azərbaycanlılar dünyanın ən tolerant millətlərindən biri, sülhsevər, zəhmətkeş xalqdır. Mənim ən xoş arzularımı həmvətənlərinizə çatdırın. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR