Bank Of Baku

Xələf Xələfov: “Xəzərdə kompleks təhlükəsizlik məsələsinə dair müzakirələrin davamı Azərbaycan tərəfindən koordinasiya olunacaq”

Xələf Xələfov: “Xəzərdə kompleks təhlükəsizlik məsələsinə dair müzakirələrin davamı Azərbaycan tərəfindən koordinasiya olunacaq”
# 19 oktyabr 2007 12:56 (UTC +04:00)
APA-nın məlumatına görə, X. Xələfov bu sammitin Xəzərin hüquqi statusuna aid məsələlərin razılaşdırılması istiqamətində əhəmiyyətli addım olduğunu bildirib. O, sammit hazırlıq işlərinin, ekspertlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin, sammitdən əvvəl xarici işlər nazirlərinin iclasının keçirilməsi nəticəsində Xəzəryanı ölkə başçılarının bəyannamə layihəsinin hazırlandığını və qəbul olunduğunu xatırladıb. Nazir müavini bu bəyannamənin beştərəfli formatda ilk uğurlu, əhatəli siyasi sənəd olduğunu, burada dövlətlərin mövqelərinin öz əksini tapdığını qeyd edib: “Bu bəyannamə danışıqların davamı üçün ciddi bir baza yaradıb. Mövcud atmosferdə bu danışıqlar çərçivəsində Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tam razılaşdırılmasına nail olacağıq”. X. Xələfov nazir müavinləri çərçivəsində işçi qrupunun fəaliyyətinin davam edəcəyini, işçi qrupun növbəti toplantısının Tehranda keçiriləcəyini bildirib: “Ən vacib qərarlardan biri növbəti sammitin keçirilməsidir ki, bu tədbir də Bakıda keçiriləcək. Sammitin dəqiq vaxtını tərəflərlə birgə müəyyənləşdirəcəyik”. X. Xələfov Xəzərdə kompleks təhlükəsizlik məsələsinin müzakirəsinin davam etdirilməsinin Azərbaycan tərəfindən koordinasiya olunacağını deyib: “Çalışacağıq ki, bu istiqamətdə bütün təklifləri cəmləşdirək, ümumiləşdirək və tərəflərin müzakirəsinə təqdim edək. Bu istiqamətdə razılaşmaların əldə edilməsinə çalışacağıq”. Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı məsələyə gəldikdə, X. Xələfov bildirib ki, bu, ikitərəfli danışıqlar nəticəsində həll olunacaq: “Bizim Türkmənistan və İranla danışıqlarımız müntəzəm xarakter daşıyır. Bu məqsədlə İran xarici işlər nazirini müavinin Azərbaycana səfəri nəzərdə tutulur”. Sualtı boru xətlərinin çəkilməsi ilə bağlı iki mövqenin mövcud olduğunu bildirən nazir müavini təkliflərdən birinin çəkiləcək xətlərin Xəzəryanı dövlətlərin hər biri ilə razılaşdırılması olduğunu qeyd edib: “Azərbaycanın mövqeyi isə bundan ibarətdir ki, boru hansı dövlətin ərazisindən keçəcəksə, həmin dövlətlə razılaşdırılmalıdır. Beynəlxalq hüquq və təcrübə baxımdan bu daha doğrudur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR