Bank Of Baku

Azərbaycan paytaxtında Venesiya Komissiyasının və İFES-in təşkilatçılığı ilə seçki komissiyalarının tərkibinə dair dəyirmi masa başlayıb

Azərbaycan paytaxtında Venesiya Komissiyasının və İFES-in təşkilatçılığı ilə seçki komissiyalarının tərkibinə dair dəyirmi masa başlayıb
# 09 noyabr 2007 09:11 (UTC +04:00)
APA-nın məlumatına görə, müzakirələrə Avropa Şurasının Venesiya Komissiyası, Prezident Aparatı, MSK və siyasi partiyaların təmsilçiləri qatılıblar. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müzakirələrin açılışında çıxış edərək, Azərbaycanın müstəqilliyindən bəri bir neçə seçki keçirdiyini, bütün seçkilərdə Avropaya inteqrasiya xəttinin əsas götürüldüyünü bildirib. Onun sözlərinə görə, seçkilər zamanı buraxılmış səhvlərlə bağlı hər zaman ciddi müzakirələr aparılıb, pozuntuların aradan qaldırılmasına çalışılıb: “Hakimiyyət üçün önəmli olan irəli sürülən təkliflərin demokratik və ədalətli seçkilərin keçirilmiəsinə xidmət etməsidir. Belə təklifləri biz hər zaman qəbul etməyə hazırıq. Amma irəli sürülən təkliflər seçki komissiyalarını ayrı-ayrı siyasi partiyaların iradəsindən asılı vəziyyətə salacaqsa, biz bununla razılaşa bilmərik. Ona görə ümid edirəm ki, səslənəcək təkliflər seçki institutlarının müstəqil formalaşmasına, onların yalnız qanun qarşısında məsuliyyət daşımasına xidmət edəcək, nəinki hansısa partiyanın tövsiyələrini yerinə yetirməyə”. Ə. Həsənovun fikrincə, partiyalar özləri hansı formulun insanların seçib-seçilmək hüququnu daha optimal reallaşdırmalarına imkan yaratdığını müəyyənləşdirməlidirlər. O, 1998-ci ildən seçki institutlarının siyasiləşməsi istiqamətində başlayan prosesin normal olmadığını vurğulayıb: “Bu bizim mövqeyimizdir və müasir dünyada seçki keçirən ölkələrin təcrübəsi də bizim haqlı olduğumuzu sübut edir. Seçki instutları vətəndaş, hüquqi institut olmalıdır. Bu institutun iradəsini yalnız qanunlar, seçicilərin seçib-seçilmək hüququnun rallaşdırılması təşkil etməlidir. Amma təəssüf ki, 1998-dən başlayaraq bu institutları siyasiləşdiririk və bununla da həmin qurumları peşəkarlıqdan, hüquqi məsuliyyətdən, peşəkarcasına işləmək bacarığından təcrid edirik. İstər namizəd, istər digərləri tərəfindən olan etimadsızlığa da bu səbəb olur. Təəssüf ki, burada beynəlxalq təşkilatların da müəyyən günahları var. İlk gündən Avropada qabaqcıl seçki institutlarının modelini bizə təklif etməkdənsə, proseslərin axarına müvafiq olaraq bəzi beynəlxalq təşkilatlar Azərbaycanda seçki instutlarının siyasiləşdirilməsi ilə bağlı fikirlərə dəstək verdilər. Bu da bizi gətirib 2000-ci ilin bataqlığına saldı. Həmin il biz komissiyaları Avropa Şurası və ATƏT-in İnsan Hüquqları Bürosunun təklifi ilə formalaşdırdıq. Amma bir neçə partiya bəyan etdi ki, nümayəndələrini MSK-ya buraxmırlar, bununla da seçki qrafiki pozulurdu. O zaman bir daha Avropa Şurasına müraciət edildi, onlar öz növbəsində partiyalara müraciət etdilər, seçkinin pozulmasının qarşısını almaq məqsədi ilə bu məsələ parlamentdə müzakirə edildi və süni şəkildə yaradılmış paritet aradan qaldırıldı. Bu gün təqdim olunan modellər və təkliflər də komissiyaların siyasi qüvvələrin iradəsindən asılı olaraq formalaşmasına xidmət edir. Biz burada qəbul olunacaq təklifi qəbul etməyə hazırıq. Amma bir şərtlə ki, partiyaların böyük kiçikliyinə, kimin aparıcı, kimin qeyri-aparıcı olmasını müəyyənləşdirməyə süni şəkildə cəhdlər olmasın”.
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Denis Briborsia Azərbaycanın Avropa Şurasına daxil olarkən bir sıra öhdəliklər götürdüyünü deyib. O, həmin töviyələrin 2003 və 2005-ci il seçkilərində nəzərə alındığını vurğulayıb: “Amma bəzi tövsiyələr düzgün nəzərə alınmamışdı. Bu xüsusilə seçki komissiyaları ilə bağlı olan tövsiyələr idi. Bunun nəticəsidir ki, biz həmin məsələ ilə bağlı bu gün yenidən toplaşmalı olmuşuq. Seçki Komissiyaları elə formalaşmalıdır ki, seçkidə iştirak edən bütün tərəflərin və cəmiyyətin bu komissiyalara etibarı olsun”.
İFES-in Azərbaycan üzrə direktoru Den Blessinqton müzakirələrin nəticəsində ortaya ümumi təklifin çıxacağına ümid etdiyini bildirib. O, Milli Məclisin Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etməsinə kimi təkliflərin hazırlanmasını vacib sayıb.
Açılış nitqlərindən sonra müzakirələr jurnalistlərin iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, ADP, AXCP, ALP və Müsavat Partiyası müzakirələrdə iştirak etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR