Bank Of Baku

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə qardaş Azərbaycana haqlı olduğu Dağlıq Qarabağ məsələsində öz imkanları çərçivəsində hər cür dəstək verməkdədir” - EKSKLÜZİV

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə qardaş Azərbaycana haqlı olduğu Dağlıq Qarabağ məsələsində öz imkanları çərçivəsində hər cür dəstək verməkdədir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 13 noyabr 2007 15:57 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın APA-nın yerli bürosuna eksklüziv müsahibəsi

- Bu ilin oktyabrında ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsi qəbul edildi. Gözlənildiyi kimi, Türkiyənin bu fakta etirazı o qədər sərt oldu ki, demokrat konqresmenlərin bir qismi layihədəki imzalarını geri götürdü. Türkiyə illərdir dost və müttəfiq olduğu ABŞ-ın qanunverici orqanına qarşı bu mövqeyini davam etdirəcəkmi?
- 1915-ci il hadisələrini “soyqırım” kimi qiymətləndirən 106 saylı qərar layihəsinin oktyabrın 10-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilməsi son dərəcə təəssüfləndirici haldır. Bu layihənin qəbulu həm hökumətimizin, həm də ictimaiyyətimizin haqlı etirazına səbəb olub. ABŞ hökumətinin keçmişdə olduğu kimi, bu dəfə də haqsız və əsassız layihənin Nümayəndələr Palatasının gündəminə gətirilməməsi üçün ciddi iş aparması və qərarlı mövqe nümayiş etdirməsi təqdirəlayiqdir. Son proseslər bizim narahatlığımız və haqlı arqumentlərimizin layihəni dəstəkləyən bəzi Konqres üzvləri tərəfindən də anlaşıldığını göstərir. Bu baxımdan önümüzdəki dövrdə Konqres üzvlərinin Türk-Amerikan dostluğuna yaraşan bir məsuliyyət hissi ilə hərəkət edəcəklərinə inandığımı və ABŞ-la münasibətlərimizə böyük zərbə vura biləcək layihənin qəbulunu əngəlləmək üçün fəaliyyətimizin fasiləsiz davam etdiriləcəyini vurğulamaq istərdim. Türkiyə tarixi gerçəklərin ortaya çıxarılması yönündə konstruktiv təkliflər və çağırışlarla çıxış edib. Bunun üçün Ermənistana 1915-ci il hadisələrinin araşdırılması üçün birgə tarix komissiyası qurulmasını, bu komissiyanın Türkiyə, Ermənistan və üçüncü ölkələrin arxivlərini araşdıraraq əldə olunacaq nəticəni beynəlxalq ictimaiyyətə açıqlamasını təklif etmişik. Mövcud problemlərin daha yaxşı qavranılmasına və gələcəkdə bölgəmizdə dostluq, əməkdaşlıq mühitinin yaradılmasına yardımçı olacağına inandığımız bu səmimi təklifimizi qəbul etmək əvəzinə, Ermənistanın həm pərdə arxasından, həm də son vaxtlar açıq şəkildə həmin layihənin qəbuluna yönəlmiş məqsədli siyasətini unutmayacağımızı da qeyd etmək istərdim.
- 2005-ci ilin mayında Ermənistan prezidentinə yazdığınız məktub və nümayiş etdirdiyiniz xoş niyyətə analoji reaksiya verilmədi. Hökumətinizin proqramında da bu məsələyə toxunulmayıb. Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin məlum qərarından sonra Ermənistanla münasibətlərə yenidən baxmağı düşündünüzmü? Çünki Ermənistan prezidenti və xarici işlər naziri bu qərarı alqışladılar.
- 2005-ci ildə Ermənistanla əlaqələrimizin möhkəmləndirilməsinə yönəlmiş önəmli bir addım ataraq, birgə tarix komissiyasının qurulmasını, arxivlərimizin açılmasını, tarixçilərin bu arxivlərdə sərbəst şəkildə elmi araşdırmalar aparmasına şərait yaradılmasını təklif etdik. Ancaq Ermənistan bu jestimizə cavab vermədi. Əksinə, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarının Ermənistan tərəfindən dəstəkləndiyini gördük. Bu münasibət mehriban qonşuluq prinsipinə uyğun deyil. Biz birtərəfli qaydada bəzi addımlar atırıq, amma bunun qarşılığını görmürük. Belə bir vəziyyətdə əlaqələrin normallaşması üçün ümidli olmaq mümkündürmü? Ermənistan iki ölkə arasındakı məsələləri üçüncü ölkələrin parlamentlərində qaldırmağı davam etdirdikcə, münasibətlərimizin normallaşmasını gözləmək doğru olmaz. Bunun əksinə olan addımlar, düşmənçilik niyyəti daşımayan yanaşmalar isə həm ikitərəfli münasibətlərdə, həm də bölgəmizdə çoxtərəfli səviyyədə yeni üfüqlərin açılmasına zəmin hazırlayacaq.
- Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın geri çəkilməməsi ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin nizamlanması prosesinin nəticəsiz qalmasına səbəb olub. Azərbaycan isə torpaqlarının işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. Bu situasiyada Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sazişinin imzalanması vaxtı çatmayıbmı?
- Türkiyənin Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunun ermənilər tərəfindən işğal edilməsi ilə bağlı mövqeyi Sizə məlumdur. Türkiyə qardaş Azərbaycana haqlı olduğu bu məsələdə öz imkanları çərçivəsində hər cür dəstək verməkdədir. Bu kontekstdə Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi beynəlxalq hüquq prinsiplərinin əksinə olaraq davam edən işğal faktının aradan qaldırılması istiqamətində cəhdləri dəstəkləməkdədir. Bizim bu istiqamətdə dəstəyimiz gələcəkdə də davam edəcək. Bu problemin Azərbaycanın ərazi bütövlüyü və sülh yolu ilə həllinin vacibliyinə inanırıq.
Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni və digər sahələrdə hər kəsə örnək olacaq əməkdaşlıq mövcuddur. Qarşılıqlı ehtiram və fəaliyyətlə qarşılıqlı əməkdaşlığımızın daha da inkişafına və möhkəmlənməsinə nail olmuşuq. Bunun üçün sağlam əsas da yaratdıq. Əməkdaşlığımızın güclü hüquqi əsaslara söykəndiyini düşünürük. Azərbaycanın zəngin enerji ehtiyatları, sürətlə inkişaf edən iqtisadiyyatı, demokratiya və insan haqları sahəsində həyata keçirdiyi islahatlarla bölgədə və dünyada getdikcə layiq olduğu nöqtəyə çatmasını iftixar hissi ilə izləyirik. Qardaş Azərbaycan və qonşumuz Gürcüstanla birgə gerçəkləşdirdiyimiz Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərindən sonra indi də Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin həyata keçirmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Ən önəmli məsələ münasibətlərimizi bu cür strateji və iqtisadi layihələrlə gücləndirmək və dərinləşdirməkdir.
- Noyabrın 17-19-da Sizin də iştirakınızla Bakıda keçiriləcək XI Türk Dövlətləri və Toplumlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının önəmini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, Qərb dövlətlərində ictimai rəyin formalaşdırılmasında qeyri-hökumət təşkilatlarının rolu son dərəcə önəmlidir. Bu kontekstdə xaricdə bizimlə bağlı ictimai rəyin formalaşdırılmasında bizim qeyri-hökumət təşkilatlarının hər zaman ön planda olmasını və təşəbbüslərlə çıxış etməsinin vacibliyinə inanırıq. Bu baxımdan 2007-ci il martın 9-da Bakıda keçirilən və mənim Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə iştirak etdiyim Türkiyə-Azərbaycan Diasporlarının I Forumunda türk və Azərbaycan diaspor təşkilatlarının prinsip və məqsədlərinin birləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Noyabrın 17-19-da yenə Azərbaycanda keçiriləcək XI Türk Dövlətləri və Toplumlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının da bu istiqamətdə irəli doğru atılan addım olacağına inanıram. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR