Bank Of Baku

Türkiyə və Gürcüstanın baş nazirləri yaxın vaxtlarda Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasiminin keçiriləcəyini bildiriblər

Türkiyə və Gürcüstanın baş nazirləri yaxın vaxtlarda Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasiminin keçiriləcəyini bildiriblər
# 14 noyabr 2007 15:16 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, əvvəlcə təkbətək, sonra nümayəndə heyətlərinin iştirakı ilə 2 saat davam edən görüşdən sonra baş nazirlər birgə mətbuat konfransı keçiriblər. R. T. Ərdoğan danışıqlarda həm ikitərəfli əlaqələri, həm də regional və beynəlxalq məsələləri müzakirə etdiklərini bildirib. O, Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib: “Biz Abxaziya və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həll olunmasını arzulayırıq. Gürcüstanda bizim də təşəbbüsümüzlə Ahıska türklərinin ana yurdlarına dönməsini təmin edəcək qanun qəbul olunması bizi məmnun etdi. Türkiyə Ahıska türklərinin Gürcüstana qayıdışı prosesinə imkanları çərçivəsində yardım göstərəcək, həmin bölgənin inkişafı üçün pilot layihələrə dəstək verəcək. Ahıska türklərinin Gürcüstana dönüşü ilə ölkələrimiz arasında yeni bir dostluq və əməkdaşlıq körpüsünün yaranacağına inanırıq”. R. T. Ərdoğan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrindən sonra Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin də reallaşmaq üzrə olduğunu xatırladıb: “Bu layihənin həyata keçirilməsi istiqamətində önəmli məsafə qət edilib. Artıq biz layihənin Gürcüstan sərhədləri daxilindəki hissəsi ilə bağlı çalışmalarımızı tamamlamışıq. Hazırda bizim ərazimizdəki hissə ilə bağlı tenderə hazırlıq gedir. Hər iki tərəfdə də tezliklə təməlqoyma mərasimləri keçirilməsini istəyirik. Gürcüstan buna hazır olduğunu bildirib. Biz həm Azərbaycan, həm də Gürcüstan və Türkiyənin təməlqoyma mərasimində bir yerdə olmasını istəyirik. Qatarların saatda 120 km sürətlə gedəcəyi bir dəmir yolu xətti olacaq. Bu yolla təkcə yüklərin yox, sərnişinlərin daşınması da həyata keçiriləcək və beləliklə, yeni bir İpək Yolunu bu dəfə relslərlə döşəmiş olacağıq. Layihənin inşaat işlərinin gecikmədən başlaması üçün razılığa gəlmişik”. Z. Noqaideli isə sözünə dünən terrorçularla döyüşdə 4 türk əsgərinin şəhid olması ilə bağlı türk xalqına başsağlığı verməklə başlayıb: “Sizi əmin edirəm ki, Gürcüstan terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır. Biz də əlimizdən gələni etməyə hazırıq”. O, bölgədəki münaqişələrin həlli üçün Türkiyənin dəstəyinin çox önəmli olduğunu bildirib. Z. Noqaideli Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmaq üzrə olduğunu, təməlqoyma mərhələsinə çatdıqlarını və yaxın vaxtlarda inşaatın başlayacağını söyləyib. Z. Noqaideli Türkiyənin Gürcüstanın bir nömrəli ticarət ortağı olduğunu vurğulayaraq əlaqələrin daha da inkişafı üçün önəmli addımlar atdıqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR