Bank Of Baku

“Azadlıq” qəzeti Qənimət Zahidin həbsi ilə bağlı dəyirmi masa keçirib

“Azadlıq” qəzeti Qənimət Zahidin həbsi ilə bağlı dəyirmi masa keçirib
# 14 noyabr 2007 16:01 (UTC +04:00)
Bu gün “Azadlıq” qəzeti Qənimət Zahidin həbs edilməsi ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların rəhbərləri, hüquq müdafiəçiləri, vəkillər, QHT təmsilçiləri iştirak edib. Q. Zahidin vəkili Elçin Sadıxov məsələylə bağlı son məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər demokratiyanın müdafiəçisi olan insanları, xüsusilə ziyalıları hərəkətə gətirməyin vacib olduğunu vurğulayıb. Söz azadlığı müdafiə komitəsinin sədri Arzu Abdullayeva Q. Zahidin hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Milli Birlik Hərəkatının sədri Lalə Şövkət müxalifətin həmişə eyni tərkibdə yığışıb, eyni təkliflər verdiyini bildirib və başqa bir taktikanın seçilməsini vacib sayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda özlərini əcaib aparırlar və qanun pozuntularına ciddi reaksiya vermirlər: “Onların Azərbaycanla bağlı öz dəst xətləri var. Dünyanın heç bir ölkəsində beynəlxalq dəstəksiz nəyəsə nail olmaq mükün deyil”. L. Şövkət bu gün müxalifətin birliyinə böyük ehtiyacın olduğunu bildirib və bunun birlik xatirinə yox, prinsiplər üzərində formalaşmasının vacib olduğunu qeyd edib.
Vəkil Adil İsmayılov isə qanunda həbs edilən şəxsin girov qoyaraq azad olunması ilə bağlı maddənin nəzərdə tutulduğunu bildirib və bu maddə üzrə hərəkət etmək təklifini irəli sürüb. Onun sözlərinə görə, Q. Zahidin azadlığa buraxılması üçün 11 min manat girov qoymaq lazımdır: “Biz elə bu tədbirdəcə pul toplayaq, girovla bağlı məhkəməyə müraciət edək”. A. İsmayılovun bu təklifi tədbir iştirakçıları tərəfindən dəstəklənib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə mitinqlərin keçirilməsi təklifi ilə çıxış edib.
AXCP sədri Əli Kərimli də aksiyaların bərpa olunmasına ehtiyac yarandığını bildirib. Toplantının sonunda bəyanat qəbul edilib. Tədbirdən sonra A. Abdullayeva APA-ya açıqlamasında bildirib ki, sabahdan girov qoyulması üçün pul yığılacaq. O, bu missiyanı ya özünün, ya da Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin həyata keçirəcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR