Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan və Fransa prezidentləri dövlətlərarası əlaqələri daha da inkişaf etdirmək istəyirlər”

Novruz Məmmədov: “Azərbaycan və Fransa prezidentləri dövlətlərarası əlaqələri daha da inkişaf etdirmək istəyirlər”
# 15 noyabr 2007 11:07 (UTC +04:00)
“Azərbaycanla Fransa arasında həm siyasi, həm iqtisadi, həm mədəni əlaqələr çox yüksək səviyyədədir və hər iki ölkənin rəhbərləri bu əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da inkişaf etdirmək istəyirlər”. Bu eksklüziv açıqlamanı APA-ya Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. Prezident İlham Əliyevin Fransaya gözlənilən səfərini şərh edən Novruz Məmmədov Azərbaycanı regionun mühüm dövləti adlandırıb: “Azərbaycan təkcə regionda yox, dünyada gedən proseslərə müəyyən mənada təsir göstərə bilir, dünyada gedən proseslərdə çox fəal iştirak edir və Avrasiyada qitəsində gedən proseslərlə bağlı enerji təhlükəsizliyi, enerji infrastrukturu ilə bağlı proseslərin əsas iştirakçılardan biridir. Fransa isə Avropa İttifaqının və dünyanın bu gün aparıcı dövlətlərindən sayılır. Ölkədə yeni prezident seçilib, o, artıq Rusiya və Avropa İttifaqına üzv dövlətlərin rəhbərləri ilə görüşüb, ABŞ-a səfər edib. Fransa aparıcı bir dövlət kimi dünyada gedən proseslərdən xəbərdar olmaq və ona öz təsirini nümayiş etmək üçün mühüm dövlətlərlə əlaqə yaratmaq, onların rəhbərləri ilə fikir mübadiləsi, müzakirələr aparmağa üstünlük verir. Düşünürəm ki, Fransa prezidentinin Azərbaycan prezidenti ilə görüşmək arzusu başa düşüləndir, çünki Azərbaycan prezidentinin həm ikitərəfli münasibətlərimizlə bağlı, həm regional və beynəlxalq məsələlərlə bağlı mövqeyi həm Fransada, həm Amerikada və digər ölkələrdə yüksək qiymətləndirilir və nəzərə alınır. Eyni zamanda Fransa Minsk Qrupunun həmsədri olduğu üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların da mühüm əhəmiyyəti olmalıdır. Çünki münaqişənin həlli istiqamətində Fransanın da üzərinə bir məsuliyyət düşür”. Novruz Məmmədov dövlət başçısının Fransaya işgüzar səfər edəcəyinin, buna görə də əsas məqsədin dövlətlərarası sazişlər imzalanması yox, iki ölkə rəhbərlərini maraqlandıran bütün məsələlərlə bağlı fikir mübadiləsi aparmaq olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR