Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Aparıcı müxalifət partiyalarının vahid blokda birləşməsi barədə müzakirələr növbəti mərhələdə aparıla bilər”

Qulamhüseyn Əlibəyli: “Aparıcı müxalifət partiyalarının vahid blokda birləşməsi barədə müzakirələr növbəti mərhələdə aparıla bilər”
# 19 noyabr 2007 09:10 (UTC +04:00)
“Dörd müxalifət partiyasının blok şəklində birləşməsi mümkündür, bunun üçün təkcə Seçki Məcəlləsi ilə bağlı yox, həm də seçki prosesində üst-üstə düşən məqamlar, ümumi məqsədlər, ümumi mənafe və ümumi taktika olmalıdır. Amma hələlik bu partiyaların yalnız Seçki Məcəlləsi ilə bağlı mövqeləri üst-üstə düşür, başqa məsələlərdə isə bu, müşahidə olunmur”. Bu açıqlamanı APA-ya AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli verib. O, AXCP, Müsavat, ADP və ALP-nin yenidən bir blokda birləşmək ehtimalı ilə bağlı indidən fikir bildirməyin çətin olduğunu deyib: “Növbəti mərhələlərdə bununla bağlı müzakirələr aparıla bilər. Mən bu partiyaların mövqelərinin uyğunlaşmasına tərəfdaram. Çünki bunlar aparıcı müxalifət partiyalarıdır və onların bir araya gəlməsi, vahid mövqedən çıxış etməsi daha məqsədəuyğun olar”. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da bu məsələ ilə bağlı hər hansı müzakirənin aparılmadığını qeyd edib. Müxalifət partiyalarının əməkdaşlığına tərəfdar olan V. Əyyubun fikrincə, bu əməkdaşlığın mütləq “Azadlıq” bloku çərçivəsində davam etdirilməsi şərt deyil: “Əməkdaşlığın müxtəlif formalarının tapılması mümkündür. Sadəcə ortada siyasi iradə olmalıdır. Hər halda əməkdaşlıq nümunəsi qoyulub və davam etməkdədir. Amma onun hər hansı təşkilati forması barədə müzakirə getmir”. Ötən parlament seçkilərində “Azadlıq” blokunu daxili qarşıdurmalara görə tərk edən Müsavat və ADP-nin yenidən bir blokdakı partiyalarla bir arada olmasının mümkünlüyünə gəldikdə, V. Əyyub hər bir seçkinin təcrübə olduğunu bildirib: “Hər dəfə seçkinin nəticələrindən hansısa bir siyasi qurum özü üçün nəticələr çıxarır. Hesab edirəm ki, partiyalar öz münasibətlərini kişi sözü üzərində qurmamalıdır. Bu münasibətlər sənədə çevrilməli və bütün mümkün variantlar və detallar öz əksini tapmalıdır. O zaman narazılıqların da sayı azalmış olar, amma görünür, bu Azərbaycan reallığının göstəricisidir ki, belə narazılıqlardan qurtarmaq olmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR