Bank Of Baku

Azərbaycan kommunistləri Araz Əlizadəyə cavab verib

Azərbaycan kommunistləri Araz Əlizadəyə cavab verib
# 19 noyabr 2007 10:00 (UTC +04:00)
“Azərbaycanda sol qüvvələrin əsas təmsilçisi kommunistlərdir. Bu məsələ ilə bağlı Araz Əlizadəyə qarşı mübarizə aparmaq fikrim yoxdur. Amma belə açıqlamalar siyasi savadsızlığın təzahürüdür”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyası (AKP) Təşkilat Komitəsinin sədri Rauf Qurbanov Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadənin kommunistləri solçu hesab etməməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. R. Qurbanov istənilən adda partiyanın sol ideologiyanın daşıyıcısı olmasının mümkünlüyünü vurğulayıb: “Marksizm-leninizm və sosial demokratiya ideyalarına əsaslanan partiyalar solçudur. Məsələn, Böyük Britaniyada Leyboristlər Partiyası solçu təşkilatdır. Araz Əlizadə unutmamalıdır ki, keçmişdə valideynləri və onun özü də Kommunist Partiyasının üzvü olub”. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rüstəm Şahsuvarov isə A. Əlizadənin bu fikirdən daşınmasını məqsədəuyğun hesab edib: “Onun bu fikrə düşməsinin səbəbini bilmirəm. Kommunist və sosial-demokrat partiyaları siyasi sferanın sol cinahında yerləşirlər. Araz Əlizadənin bunu bilməməsi mümkün deyil. Amma istəməzdim ki, ASDP ilə AKP arasında soyuq münasibət olsun. Bu təşkilatların münasibətləri qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç olmasa, bir-birimizə düşmən gözü ilə baxmamalıyıq”.
Qeyd edək ki, ASDP həmsədri Araz Əlizadə APA-ya açıqlamasında Azərbaycan kommunistlərini solçu hesab etmədiyini bildirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR