Bank Of Baku

Əvəz Temirxan: “Müsavat və ADP müxtəlif vaxtlarda Azərbaycan xalqının mənafelərinə uyğun olmayaraq addımlar atıblar”

Əvəz Temirxan: “Müsavat və ADP müxtəlif vaxtlarda Azərbaycan xalqının mənafelərinə uyğun olmayaraq addımlar atıblar”
# 26 noyabr 2007 12:24 (UTC +04:00)
“Müsavat Partiyası və Azərbaycan Demokrat Partiyası müxtəlif dövrlərdə Azərbaycan xalqının mənafelərinə uyğun olmayaraq addımlar atıblar. Hər kəs vicdanı, xalqı və Allah qarşısında etiraf, tövbə variantını özü tapmalı və xalqı inandırmalıdır ki, atdığı addımlardan səmimi şəkildə peşman olub”. Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan verib. O, belə etirafların olacağı təqdirdə bu partiyalarla gələcəkdə prinsipcə hansısa əməkdaşlığı mümkün sayıb: “Onları səhvlərini etiraf etməlidirlər. Mən kəskin formada demək istəmirəm ki, münasibətlər yenidən kəskinləşsin. Amma elə partiyalar var ki, onların etiraflarına da inanmıram. Saxta mandat alıb parlamentdə oturan partiyanın, əqidəsini dəyişən insanın heç bir etirafına inanmıram”. Son vaxtlar Müsavatla münasibətlərin xeyli normallaşdığını deyən Ə. Temirxanın fikrincə, bu partiya ilə əməkdaşlığın davam etməsi üçün qarşı tərəfin daha bir addımı qalıb: “Bu da seçki komissiyaları paritet əsaslarla formalaşmayacağı halda seçkilərdə iştirak etməmək barədə qərar qəbul etməkdir. Biz onları təhrik edə bilmərik ki, belə bir qərar qəbul etsinlər. Belə mövqe olsa, münasibətlər daha da yaxınlaşar. Əgər, belə addım atmasalar, münasibətlər bugünkü səviyyədə qalacaq”. ADP ilə münasibətlərin də normallaşma istiqamətində getdiyini bildirən Ə. Temirxanın sözlərinə görə, bu partiya ilə münasibətlərin kəskinləşməsinə S. Cəlaloğlunun ölkə prezidentinə dialoq çağırışı ilə müraciəti olub. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında Ə. Temirxanın etiraf təklifini ciddi qəbul etmədiyini deyib. Onun sözlərinə görə, Müsavat öz siyasətini həmişə Azərbaycanın mənafelərinə uyğun qurub: “Ona görə etiraf ediləcək böyük səhvimiz olmayıb. Əvəz Temirxan daha çox Müsavatın parlamentdə iştirakını səhv sayır. Amma müsavatçı deputatların parlamentdə iştirakı düzgün olub və zaman da bunu təsdiq edir. Müsavat deputat qrupu parlamentdə iştirakla müxalifəti legitimləşdirib”. ADP sədrinin müavini Həsrət Rüstəmov da etiraf ediləcək səhvlərinin olmadığını deyib: “Hansısa səhvlərimiz, hadisələrə adekvat olmayan münasibətimiz olubsa, bunu heç bir təklif gözləmədən özümüz etiraf etmişik. Digər tərəfdən biz qərar qəbul edəndə partiya üzvlərinin iradəsini əsas götürmüşük, kənardan hansısa fikrin deyilməsi bizim üçün əsas deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR