Bank Of Baku

Ermənistan Xarici İşlər Nazirliyi bu ölkədə “Azərbaycan həftəsi” keçirilməsini müsbət qiymətləndirir

Ermənistan Xarici İşlər Nazirliyi bu ölkədə “Azərbaycan həftəsi” keçirilməsini müsbət qiymətləndirir
# 17 dekabr 2007 16:42 (UTC +04:00)
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan APA-ya verdiyi eksklüziv açıqlamada Ermənistanda Azərbaycan həftəsinin keçirilməsi təşəbbüsünü belə dəyərləndirib. Onun sözlərinə görə, bu hadisə Ermənistanın dialoq və sülhə bağlılığının daha bir təzahürüdür: “Bu, bizim sülh və dialoqa bağlılığımıza daha bir misaldır. Hansı ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Vardan Oskanyan da Madriddə sizin agentliyə verdiyi müsahibəsində səsləndirmişdi. Bu kimi tədbirlər məqsəd olmamalıdır, eyni zamanda biz bu təşəbbüsün proqrama qoşulan bütün ölkələrdə davam etdirilməsini və inkişafını arzulayırıq. Əminik ki, “xalq diplomatiyası” və millətlər arasında dialoq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə müsbət təsir göstərə bilər”. Qeyd edək ki, bu gündən etibarən Ermənistanda “Azərbaycan həftəsi” adı altında tədbirlər başlayıb. APA-nın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, tədbir Yerevanda Aşot Bleyanın rəhbərlik etdiyi “Mxitar Sebastatsi” təhsil mərkəzində təşkil olunacaq. Azərbaycandan tədbirə qatılacaq nümayəndə heyətinə yazıçı Seymur Baycan, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin nümayəndələri və bir neçə hüquq müdafiəçisi də var. “Azərbaycan həftəsi” müddətində məktəbin şagirdləri “Azərbaycanı necə təsəvvür edirəm”, “Ermənistanla Azərbaycanın gələcəyini necə görürəm” mövzusunda inşa yazacaqlar. Bundan başqa, iştirakçılara Luiza Poqosyanın Ermənistan və Azərbaycanın ermənilərin işğalı altında olan Dağlıq Qarabağ ərazisindən çəkdiyi “Sərhədləri açın!” filmi nümayiş etdiriləcək. Tədbirin təşkilatçılarından biri də Böyük Britaniyanın Ermənistandakı səfirliyidir. Qeyd edək ki, “Mxitar Sebastatsi” dövlət məktəbidir. Məktəbin direktoru, Ermənistanın keçmiş təhsil naziri və bir neçə il həbsdə yatan Aşot Bleyanı bu ölkədə daha çox Azərbaycanpərəst mövqe tutmaqda ittiham edirlər. Bleyan Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsinin əleyhinə çıxış edib. O, həm Azərbaycan, həm də Türkiyə ilə yaxın münasibətlər qurulmasının tərəfdarıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR