Bank Of Baku

Sülhəddin Əkbər: “Görsək ki, başqa namizədin dəstəklənməsi ciddi siyasi dəyişikliyə səbəb ola bilər, bunu müzakirə edib qərar vermək mümkündür”

Sülhəddin Əkbər: “Görsək ki, başqa namizədin dəstəklənməsi ciddi siyasi dəyişikliyə səbəb ola bilər, bunu müzakirə edib qərar vermək mümkündür”
# 21 fevral 2008 11:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyası və onun prezidentliyə namizədi İsa Qəmbər seçki ərəfəsində görsə ki, hansısa başqa namizədin dəstəklənməsi Azərbaycanın demokratiya istiqamətində irəli getməsinə, ciddi siyasi dəyişikliklərin baş verməsinə səbəb ola bilər, bu istiqamətdə müzakirə aparmaq və qərar qəbul etmək mümkündür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Müsavat Partiyasının strateji məqsədi ölkədə demokratiyaya keçidin baş tutmasıdır: “Buna görə də müxalifət namizədləri bir araya gəlməli, namizədlərin gücü qarşılıqlı analiz olunmalı və öz namizədliyini irəli sürən şəxs məhz onun namizədliyinin daha səmərəli ola biləcəyi ilə bağlı ortaya arqument qoymalıdır”. S. Əkbər hesab edir ki, seçkilərdə çox namizədin olması müxalifətin səslərinin parçalanmasına səbəb ola bilər: “Bu baxımdan demokratik şüarlar ətrafında maksimum inteqrasiyaya nail olmaq daha məqsədəuyğundur. Öz namizədliyini irəli sürən, özünü demokrat hesab edən hər bir namizəd və partiya anlamalıdır ki, bu hərəkəti ilə yalnız müxalifət qüvvələrinin uğuruna süni maneçilik törədir. Buna görə də müəyyən mərhələdə müxalifət qüvvələri real, şanslı namizədin ətrafında birləşməlidir”.
Ötən prezident seçkilərində Müsavat Partiyasının müttəfiqi olmuş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bu dəfə İsa Qəmbəri müdafiə etməyərək öz namizədliklərini irəli sürəcəklərini bildirmələrinin səbəblərinə gəldikdə, S. Əkbər deyib ki, indi verilən qərarlar siyasi xarakter daşıyır: “Hələ seçki kampaniyası rəsmən başlamayıb. Düşünürəm ki, rəsmi namizədlərin irəli sürülməsi mərhələsində vahid namizəd məsələsi və yaxud bir qrup qüvvənin namizədinin irəli sürülməsi daha aktual olacaq. Ümid edirəm ki, keçmiş müttəfiqlər öz qərarlarına yenidən baxacaqlar. Çünki Azərbaycanın yaxın tarixi göstərir ki, müxalifətin ən uğurlu fəaliyyəti məhz demokratik qüvvələrin mümkün qədər inteqrasiya olunduğu dövrə təsadüf edir. Hər siyasətçi yaxın tarixi təcrübəni nəzərə almalıdır”.
S. Əkbər onu da qeyd edib ki, hələlik bir sıra müxalifət partiyaları seçkidə iştirak etmək haqqında qərar qəbul etmədiyindən qeyri-müəyyənlik var və bu, Müsavatın strategiyasının detallarının, taktikasının həyata keçirilməsinə əngəl törədir: “Seçkidə iştirak etməyən qüvvələrlə bu istiqamətdə hər hansı iş görmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR