Bank Of Baku

Mixail Formuzal: “Vətəndaşlarımızda böyük türk dünyasına mənsubluğuna görə qürur hissi doğurmağa çalışıram” - EKSKLÜZİV

Mixail Formuzal: “Vətəndaşlarımızda böyük türk dünyasına mənsubluğuna görə qürur hissi doğurmağa çalışıram” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 27 fevral 2008 08:30 (UTC +04:00)
- Bu gün Qaqauziyada siyasi vəziyyət necədir?
- Xatırladım ki, martın 16-da Qaqauziya Xalq Topluşuna (parlamenti - red.) seçkilər keçiriləcək. Ona görə də seçkilərin yaxınlaşması ümumi abı-havaya bir az təsirini göstərir. Bizdə ümumiyyətlə əhalinin siyasi fəallığı kifayət qədər yüksəkdir, axı seçkilər hər il keçirilir. Ölkə parlamentinə və yerli hakimiyyət orqanlarına seçkilərlə yanaşı Qaqauziya xalqı Başqan və Xalq Topluşunun üzvlərini də seçir. Beləliklə, insanlarımızın yüksək siyasi aktivliyi əslində normaldır və bütövlükdə cəmiyyətimizin sabitliyinə təsir etmir.
- Artıq Qaqauz Yerinin Başqanı seçilməyinizin bir ili tamam olur. Bu müddətdə hansı işlər görülüb və qarşıda hansı məqsədlər durur? Seçkiqabağı elan etdiyiniz “İnsanlara doğru 11 addım” proqramınızdakı müddəalardan hansıları həyata keçirə bildiniz?
- Ötən il yeni hakimiyyət üçün əsl sınaq ili oldu. Əvvəlki rəhbərlikdən olduqca tarazlaşdırılmamış büdcə, boş hesablar, on milyonlarla borc və 2007-ci ilin aprel ayından ödənilmə öhdəliyi ilə ildə 17 faizlə götürülmüş 20 milyonluq kredit miras qalmışdı. İşimizi xeyli çətinləşdirən daha bir amil bizi məhsuldan məhrum edən və iqtisadiyyatımızın inkişafını əngəlləyən görünməmiş quraqlıq oldu. Bütün bunlara baxmayaraq yeni komanda Qaqauziyada ictimai-siyasi sabitliyi təmin edə bildi. Bütün il ərzində əmək haqları vaxtlı-vaxtında ödənildi, biz əhalinin mavi yanacaqla təminatı, məktəbəqədər və orta təhsil müəssisələrinin, yolların təmiri üzrə onlarla sosial layihə həyata keçirmişik. Kənd təsərrüfatı üzrə illik nəticələr ümidvericidir. Qışlıq buğda üçün şumlanmış və toxum sərilmiş torpaqlar ötən münbit illə müqayisədə 10 min hektar daha çoxdur. Komandamız bütün il ərzində bir ley belə olsun kredit götürməyib. Bu, Qaqauziyanın bütün tarixi boyunca ilk dəfə baş verir. Xarici siyasi və xarici iqtisadi fəaliyyət baxımından il kifayət qədər uğurlu oldu. Biz Ukrayna, Kanada, Başqırdıstanda Qaqauziyanın nümayəndəliklərini açdıq. Xarici ölkələrin, o cümlədən Rusiya Federasiyası, Polşa və Belarusun bir çox bölgələri ilə əməkdaşlıq haqqında sazişlər bağlamışıq. İndi Rusiya Federasiyasının Stavropol diyarı hökuməti və Bryansk vilayətinin rəhbərliyi ilə müvafiq sazişlər imzalamağa hazırlaşırıq. Qaqauziyada artıq bu il fəaliyyətə başlamalı olan iri xarici investorlarla kifayət qədər çoxlu sayda niyyət protokolu imzalanıb. Söhbət onlarla milyon avroluq investisiya, minlərlə yüksək maaşlı yeni iş yerlərindən gedir. Əlbəttə, biz yalnız niyyətlərimizin başlanğıcındayıq, ona görə də hələ çox iş görmək lazımdır. Keçmişə nəzər salaraq və görülən işi dəyərləndirərək, əminliklə deyə bilərəm ki, indiyə qədər görə bilmədiyimiz bütün işlər gələcəkdə həyata keçiriləcək.
- Bəzi müşahidəçilər seçkilərdə qazandığınız qələbəni Moldovada kommunistlərin süqutunun başlanğıcı kimi qiymətləndirirlər. Bu fikirlərlə razısınızmı?
- Kommunistlər bu gün doğrudan da böhran yaşayırlar. 2005-ci ildən başlayaraq onlar bütün ölkədə mövqelərini itirməkdədirlər. Bunun nə dərəcədə məhz mənim qələbəmdən asılı olduğunu söyləyə bilmərəm, bu, daha çox ümumi təmayülün bir hissəsidir. Bununla bərabər, fikrimcə, Qaqauz hökumətinin 2007-ci il ərzində fəaliyyətinin göstəriciləri kommunist rəhbərliyin nüfuzuna zərbə vuran mühüm amil oldu. Biz isbat edə bildik ki, muxtariyyətin qeyri-kommunist rəhbərliyi daha effektiv idarəçiliyi bacarır.
Eyni zamanda, bu partiyanın potensialı və perspektivləri hər şeydən öncə onların özlərindən asılıdır. Bütün əhalinin “doğru” və “doğru olmayanlar”a bölündüyü bir sıra ölkə idarəçilik üsullarından əl çəkməsələr, onların süqutu qaçılmaz olacaq. Əhalinin əksəriyyətinin onlara səs verdiyi rayonlar maliyyələşdirmədə üstünlük əldə edirlər, demokratik qüvvələrin qələbə qazandıqları inzibati mərkəzlər isə iqtisadi blokadaya bənzər şəraitdə yaşayırlar. Əhali kommunistlərin bu yanaşmasını birbaşa şantaj kimi qəbul edir ki, bu da hakim partiyanın reytinqinə olduqca mənfi təsir edir.
- Qaqauz dili və mədəniyyətinin dirçəldilməsi, milli oyanış istiqamətində Sizin nə kimi proqramınız var?
- Dilimizin, milli mədəniyyətimizin dirçəldilməsi məsələsi bizim üçün prioritet təşkil edir. Şübhəsiz, bunun üçün hansı addımların atılmasının lazım olduğunu bilirik. Hər şeydən öncə qaqauz dili məktəblərdə keyfiyyətli tədris olunmalı, gənc qaqauz dili müəllimləri dəstəklənməli, onlar zəruri metodik vəsaitlər, eləcə də layiqli əməkhaqqı ilə təmin olunmalıdırlar. Bundan başqa, biz qaqauz kitabxanalarına da yardım edirik. Özü də yalnız yeni kitablar almır, həm də binaların yaxşı vəziyyətdə saxlanması, mebelin alınmasına kömək edirik. Milli mədəniyyətin fəal inkişafı olmadan milli dirçəliş mümkün olmayacaq, ona görə də biz fəal şəkildə musiqi və folklor rəqs kollektivlərini dəstəkləməyə çalışırıq. Eləcə də başlıca məqamlardan biri qaqauz xalqının milli dəyərlərinin təbliğatından ibarətdir. İstər qəzetlər, istərsə də insanlarla şəxsi görüşlərim vasitəsilə vətəndaşlarımızda öz mənşəyinə, böyük türk dünyasına mənsubluğuna görə qürur hissi doğurmağa çalışıram. Düşünürəm ki, bu, artıq yalnız hakimiyyətin deyil, hər bir nüfuzlu liderin, valideynlərin, sadəcə olaraq hörmətli şəxslərin vəzifəsidir. Onların hamısı xalqı birləşdirməli, onda milli qürur hissi oyatmalıdırlar.
- Qaqauz xalqı və dilinin qorunması, ana dilində qəzetlərin nəşri və təhsilin tətbiqi istiqamətində hansı addımlar atılıb? Qaqauz Yeri Muxtar Ərazi Vahidinin təşkil olunmasının 13-cü ildönümündə muxtariyyətin rəsmi dili kimi qaqauz dilinin tutduğu yer şəxsən Sizi razı salırmı?
- Biz doğma dilin qorunması və inkişafı məsələsinə sistemli yanaşırıq. Öz fəaliyyətinin ilk ilində komandamız Qaqauziya Elmi Mərkəzini açdı, daha doğrusu bərpa etdi. Bu mərkəz ilk dəfə keçmiş başqan Dmitri Kroytorun zamanında yaradılmışdı, amma kommunist Georgi Tabunşikin dövründə qapadılmışdı. Bu gün Mərkəzin başlıca vəzifələri qaqauz terminologiyasının işlənməsi və təsdiqi, qaqauz dilində sözlüklərin və digər vəsaitlərin hazırlanmasından ibarətdir. Doğru qeyd edirsiniz ki, xalqın kimliyinin, dil və mədəniyyətinin qorunması məsələsində doğma ana dilində kitab və qəzetlərin nəşri, ana dilində təhsilin tətbiq olunması vacib vasitədir. Mənim təşəbbüsümlə muxtariyyətin əsas regional nəşri olan “Vesti Qaqauzii” qəzeti ötən ilin ortalarından başlayaraq mütəmadi şəkildə qaqauz dilində əlavə dərc etməyə başlayıb. Bu cür materiallara oxucular tərəfindən çox tələbat duyulduğunu hiss edən bir sıra başqa qaqauz nəşrləri də eyni nümunəni təkrar etdilər. Bu gün demək olar ki, bütün yerli qəzetlər bəziləri tez-tez, bəziləri seyrək olmaqla qaqauz dilində səhifələr buraxırlar. Təhsilə gəlincə, bu məsələ bir az mürəkkəbdir. Bir neçə məqamı nəzərə almaq lazımdır. Birincisi, məsələn, dəqiq elmlərin tədrisi zamanı elmi terminologiya ilə bağlı çətinliklər meydana çıxır. Bu problemi qismən bizim Elmi Mərkəz çözə bilər, amma bizim nəzərə ala bilməyəcəyimiz başqa bir vacib məqam var. İş burasındadır ki, qaqauzlar çox azsaylı bir xalqdır. Düşünün ki, əgər gənc insanlar bütün biliklərini doğma dildə alsalar, onu harada istifadə edə biləcəklər? Ona görə də gəncliyimizin rəqabət gücünün yüksək səviyyədə olması üçün biz yalnız qaqauz dilində tədrisə başlamırıq. Təəssüflə qeyd etməliyəm ki, qaqauz mədəniyyətinin qorunması ilə bağlı bütün məsələləri özümüz həll etməliyik. Bu gün doğma dövlətimiz olan və Konstitusiyaya görə bərabərhüquqlu vətəndaşları olduğumuz Moldova Respublikası nə milli mədəniyyətimizin dəstəklənməsi, nə şair və yazıçılarımızın kitablarının nəşrinə, nə də qaqauz dili müəllimlərinə yardım üçün bir ley belə ayırmır. Bu gün qaqauz xalqı bütün bu problemlərlə təkbaşına qalıb.
- Türkiyə və Rusiya ilə münasibətlər planlarınızda hansı yerləri tutur?
- Hamıya məlumdur ki, istər Türkiyə, istərsə də Rusiya qaqauz xalqı üçün əsas xarici istiqamətləri təşkil edir. Bir çox məsələdə bu iki dövlətin sayəsində bu gün qaqauz xalqı və qaqauz muxtariyyəti mövcuddur. Rusiyaya ilk növbədə bu gün üzərində yaşadığımız torpaqlara, xalqımızın əksəriyyətinin aldığı təhsilə görə minnətdarıq. Türkiyə isə qaqauz muxtariyyətinin qurulmasında həlledici rollardan birini oynayıb. 20-ci əsrin 90-cı illərinin əvvəllərində xalqımızın rəsmi Kişinyov ilə münasibətlərinin gərgin olduğu dövrdə məhz Türkiyənin “qaqauz məsələsi”ndə tutduğu aydın mövqe Moldova Respublikası parlamentinin yenə də güzəştə gedərək “Qaqauziyanın (Qaqauz Yeri) xüsusi hüquqi statusu haqqında” qanun qəbul etməsinə səbəb oldu. Rusiya və Türkiyənin dəstəyini qaqauz muxtariyyətinin təşkil olunmasından sonra da hiss edirik. Bu dövlətlər iqtisadiyyatımıza kifayət qədər çox investisiyalar qoyublar və bunun sayəsində yeni iş yerləri açmaq mümkün olub. Rusiya və Türkiyənin vəsaitləri hesabına çoxsaylı sosial layihələr həyata keçirilib. Deyə bilərəm ki, qaqauzlar səmimi şəkildə bu diqqət və qayğını qiymətləndirirlər və həmişə Rusiya və Türkiyəni qardaş ölkələr hesab edəcəklər.
- Qaqauziya və Azərbaycan, ümumiyyətlə qaqauz və Azərbaycan xalqları arasında münasibətləri necə səciyyələndirirsiniz? Muxtariyyət rəhbərliyinin Komratda Heydər Əliyevin abidəsinin qoyulması planı nə yerdədir?
- Qaqauziya və Azərbaycan arasındakı isti münasibətlər var. Bizim xalqlarımız eyni etnik köklərə, bənzər mədəniyyət və ənənələrə malikdir, ona görə də aramızda dostluq münasibətləri olmaya bilməz. Eyni zamanda, əgər istənilən ikitərəfli münasibətlərin əsasında duran başlıca cəhətlərdən biri olan iqtisadi əlaqələri dəyərləndirərsək, etiraf etmək lazımdır ki, bu sahədə potensial demək olar ki, istifadə olunmayıb. Azərbaycan iqtisadiyyatı coşqun artım nümayiş etdirir və bu gün biznesmenləriniz fəal şəkildə ölkə hüdudlarından kənarda, o cümlədən Qaqauziya ərazisində investisiyalar qoya bilərlər. Biz öz növbəmizdə iqtisadiyyatımıza vəsait qoyulması üçün əlverişli şərtləri təmin etməyə hazırıq. Qaqauziyada qüvvədə olan investisiyalar haqqında qanuna görə iqtisadiyyatın real sektoruna 250 min dollardan artıq vəsait qoyan müəssisələr 5 il bütün növ vergilərdən azaddırlar. Bu və digər güzəştlər Azərbaycanın işgüzar çevrələrinin nümayəndələrini maraqlandıra bilərdi. İqtisadi sahədən başqa mədəni və mənəvi əlaqələrimizi də gücləndirməliyik. Buna konkret misal Qaqauziyanın paytaxtı Komrat şəhərində böyük tarixi şəxsiyyət Heydər Əliyevin büstünün qoyulması niyyətidir. Azərbaycan prezidentinin timsalında sizin xalq, öz millətini birləşdirən və güclü dövlət quran görkəmli dövlət xadimini görür. Heydər Əliyevin xidmətləri Azərbaycan çərçivəsini aşır. Azərbaycan prezidentinə büst qoymaqla biz ona hörmətimizi bildirir, bütün türk dünyasının birliyi və mədəni əlaqələrin möhkəmləndirilməsi üzrə onun xidmətlərini qiymətləndirdiyimizi göstəririk. Büstün qoyulması prosesi özü çox əmək tələb edir, bunun üçün uzun razılaşmalar əldə olunmalı, eskiz müsabiqəsi keçirilməli, heykəltəraş bilavasitə çalışmalıdır. Onun çox məsuliyyətli iş olduğunu nəzərə alaraq bu işi Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin iştirakı ilə görməyi planlaşdırırıq.
Bundan başqa, Azərbaycan hökumətinin dəstəyi ilə artıq bu il qaqauz tələbələrinin ilk qrupunu Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almağa göndərməyi planlaşdırırıq. Bizim Komrat Dövlət Universitetində Azərbaycanın Moldova Respublikasındakı səfiri cənab İsfəndiyar Vahabzadənin dəstəyi ilə Azərbaycan dili və mədəniyyəti auditoriyası açılıb. Gördüyünüz kimi xalqlarımız arasındakı münasibətlər kifayət qədər məhsuldardır. Amma yenə də təkrar etmək istəyirəm ki, bu potensial çox-çox böyükdür.
- Azərbaycan xalqına arzularınız”¦
- Şəxsən öz adımdan və bütün Qaqauziya xalqı adından səmimi qəlbdən qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram. Azərbaycanlıların milli lider baxımından bəxti gətirib. Bu gün Azərbaycana öz ölkəsinin dövlətçiliyini addım-addım möhkəmləndirən, xalqını daha da azad və zəngin edən böyük şəxsiyyət başçılıq edir. İlham Əliyev əvəzolunmaz atası Heydər Əliyevin ən yaxşı ənənələrini davam etdirərək, bütün türk dünyasında mühüm fiqur və öz böyük Vətəni ilə böyük xalqına xidmət nümunəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR