Bank Of Baku

Azay Quliyev: “Leyla Yunus siyasi məhbus istehsalı ilə məşğuldur”

Azay Quliyev: “Leyla Yunus siyasi məhbus istehsalı ilə məşğuldur”
# 04 mart 2008 08:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Leyla Yunus siyasi məhbus istehsalı ilə məşğuldur. Sanki onun bundan başqa işi yoxdur. Bu cür şəxslər insan hüquqları kimi önəmli sahəyə kölgə salırlar”. Bu açıqlamanı APA-ya Milli QHT Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyev verib. Onun sözlərinə görə, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun beynəlxalq təşkilatlara təqdim etdiyi siyahıda adları olan şəxslərin böyük əksəriyyətinin cinayətləri konkret faktlarla sübuta yetirilib. O, adı siyahıda olan şəxslərin bir qisminin əfv edildiyini də diqqətə çatdırıb: “Dövlət kimliyindən asılı olmayaraq, həbsdə olan vətəndaşları əfv edir. Məsələ burasındadır ki, Leyla Yunusun siyahısındakı adlar azalmaqdansa, artır. Digər tərəfdən, Azərbaycanda siyasi mənsubiyyətinə görə təqib olunma faktı yoxdur. Azərbaycan məhkəmələrində problemlərin mövcudluğu da sirr deyil. Bu isə insan hüquqlarının pozulması deməkdir və siyasi məhbus anlamına gəlməməlidir”. O, Azərbaycanda məhkəmənin qərarından narazı olanların İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanın da olduğunu qeyd edib: “2002-ci il aprelin 15-dən Azərbaycanın məhkəmə sistemi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olub. Yəni yerli məhkəmələrdən narazı qalan şəxs bu məhkəmə instansiyasına müraciət edib, öz hüquqlarını bərpa etmək imkanına malikdir. Yəni hüquqi baxımdan belə insanların siyasi məhbus adı ilə təqdim olunması mümkün deyil. Bu, sadəcə Leyla Yunusun şakəridir”. Forumun prezidenti L. Yunusu məqsədyönlü siyasətlə məşğul olmaqda ittiham edib: “Təəssüf ki, onun siyahısında 1990-cı ilin əvvəllərində Bakı Metropolitenində terror aktı törədənlərin də adları var. Bütün bunlar onun fəaliyyətinin siyasiləşməsindən irəli gəlir. Bu məsələdə ictimai qınaq öz rolunu oynamalıdır”. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azərbaycanda olmadığından, məsələ ilə bağlı onun mövqeyini öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR