Bank Of Baku

Azərbaycan müxalifəti niyə zəifdir? - SORÄžU

Azərbaycan müxalifəti niyə zəifdir? - <font color=#FF0000>SORÄžU</font>
# 04 mart 2008 10:21 (UTC +04:00)
Bu sözləri APA-nın “Azərbaycan müxalifəti niyə zəifdir” sualının cavabında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva deyib. O, müxalifətin çətin şəraitdə fəaliyyət göstərdiyini söyləyib: “Hətta indiki şərtlər daxilində müxalifət varsa və öz sözünü deyirsə, deməli, kifayət qədər güclüdür”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə müxalifətin hər seçkidə müəyyən qədər qüvvə itirdiyini deyib. Buna baxmayaraq, o, prezident seçkiləri yaxınlaşdıqca, müxalif qüvvələrin mobilləşəcəyini bildirib: “Müxalifətin zəif olduğunu düşünənlər yanılacaqlar. Bizə 10-15 dəqiqə televiziya imkanı kifayətdir ki, iqtidarın 5 ildə apardığı işi aparaq. Müxalifətdə ciddi geriləmə yoxdur. Bu düşərgə televiziyalara çıxa, xalqla ünsiyyət yarada bilmir, partiyaların maliyyə imkanı yoxdur. Müxalifətin öz gücünü ortaya qoyması üçün hüquqi və siyasi şərtlər əlverişsizdir”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər sorğuda iştirak etmək istəmədiyindən, müxalifətin hazırkı durumunu Müsavat Məclisinin sədri Sülhəddin Əkbər şərh edib. Onun fikrincə, müxalifətin hazırkı vəziyyəti ilə əvvəlki seçkilər dövründəki vəziyyətini müqayisə edərkən, adətən əvvəlki seçkilərin pik dövrü əsas götürülür. Hazırda isə seçki prosesinin başlanğıcı olduğunu deyən Məclis sədri hesab edir ki, seçki yaxınlaşdıqca aktivlik də artacaq: “Doğrudur, başqa parametrlər üzrə bir qədər zəifləmə var. Seçki kampaniyası yaxınlaşdıqca vəziyyət yaxşılaşacaq. İndi müxalifətdə inteqrasiya meylləri çox zəif görünür. Bunun da başlıca səbəbi bir sıra müxalifət qüvvəsinin seçkilərdə iştirak edib-etməmək tərəddüdüdür. Həmçinin KİV-ə çıxış, sərbəst toplaşmaq azadlığının məhdudlaşıb, maliyyə resursları zəifləyib. Bu baxımdan qeyd olunan sahələr üzərində müxalifətin ciddi işləməsinə ehtiyac var” .
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli isə müxalifətin hazırda zəif durumda görünməsi fikri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, bunun əsas səbəbi əvvəlki seçkilərin nəticələri ilə əlaqədardır: “İnsanların azad seçkiyə inamı qalmayıb ki, bu da müxalifətin zəifləməsinə gətirib çıxarır. Burada müxalifətin günahı yoxdur, çünki müxalifətdaxili proseslər həmişə indiki kimi olub. Yalnız müəyyən mənada müxalifətin bir araya gəlməməsi qarşı tərəfin lehinə işləyir”.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov müxalifətin hazırkı durumunun Azərbaycanda partiya sisteminin inkişafı üçün şəraitin olmaması ilə əlaqələndirib: “Müxalifət elektron KİV-də təbliğat aparmaqdan məhrumdur, yerli əhali ilə görüşlər, hətta öz partiya strukturlarında regionlarda iclaslar keçirmək mümkün deyil. Partiyalara simpatiyası olub, maliyyə dəstəyi vermək istəyən qüvvələr də bunu etməkdən çəkinirlər”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə müxalifətin zəif olmadığını, sadəcə, əvvəlki illərlə müqayisədə bir qədər fərqli taktika seçdiyini bildirib. “Əvvəlki taktikalar müxalifətin güclü olduğu təsəvvürünü yaradırdı. Bu gün də müxalifət güclüdür, sadəcə, bu gücü göstərə bilmir. Digər tərəfdən, indiyə qədər ənənəvi hesab olunun namizədlərin seçkiyə qatılması prosesi onların zəifləməsi görüntüsünü yaradıb və təəssüf ki, müxalifətə ümumən onların hamısının fonunda qiymət verilir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin fikrincə, iqtidarın müxalifət üzərinə təzyiqləri müxalifətin güclənməsinə imkan vermir. O hesab edir ki, ölkədə partiyaların maliyyələşməsi, siyasi işin aparılması üçün imkanlar yoxdur: “Digər tərəfdən, ənənəvi müxalifət qüvvələrinin Qərb dairələri və hökumət tərəfindən Azərbaycan siyasətində qorunub saxlanması istiqamətində aparılan siyasət müxalifətin zəifliyinə səbəb olur. Bəzi müxalifət qüvvələrinin ambisiyalı sədrləri bir blokda birləşmək, ciddi siyasi gücə çevrilmək istiqamətində lazımı addımlar atmırlar. Dediyim kimi, buna ambisiyalar imkan vermir. Asılı vəziyyətdə olan ənənəvi müxalifətin bir araya gəlməsi isə Qərbin iradəsindən asılıdır”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi, baş katibi Fuad Muxtarov da müxalifətin zəifliyini bu düşərgənin apardığı siyasətin nəticəsi hesab etmir: “Əgər ölkədə siyasi partiyalara ehtiyac varsa, onların fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Bu gün müxalifətə hər tərəfdən təzyiqlər olur, məqsəd isə onları siyasi meydandan çıxarmaqdır”.
“Bu gün müxalifət partiyaları iqtidarla müqayisədə çox zəifdir, bunun başlıca səbəbi prezident İlham Əliyevin uğurlu siyasət yürütməsidir. Bu siyasət nə qədər uğurlu inkişaf edirsə, xalq bu siyasəti müdafiə edir və müxalifətə meylliliyi azalır. Bu proses daha da sürətlə davam etdiriləcək”. Bunu isə APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, hakimiyyətin daha düzgün siyasət apardığını görən xalqın müxalifətə meyl etməsinə ehtiyac qalmır: “Müxalifətə meyl etmək xalqın nəyinə lazımdır? Əgər onun problemlərini, milli maraqlarını, arzularını hakimiyyət həyata keçirirsə, xalq nəyə görə müxalifətə üz tutmalıdır? Təbii ki, bu prosesdə müxalifətin apardığı siyasətin də ciddi rolu var, amma bu, açığı bizi maraqlandırmır”.
Politoloq İlqar Məmmədov isə hesab edir ki, müxalifətin zəifliyinin əsas səbəbi 20 il müddətində bu qüvvələrə eyni şəxslərin liderlik etməsi, 1995-ci ildən bəri keçirilən 8 seçki və referendumda müxalifətin hər dəfə siyasi baxımdan uduzmasıdır: “Əgər hansısa siyasi qüvvə öz liderinin hərəkətləri səbəbindən 8 dəfə ardıcıl uduzursa, bu o deməkdir ki, bu siyasi qüvvənin liderliyində dəyişikliyə böyük ehtiyac var. Bu amil geniş ictimaiyyət tərəfindən də yaxşı başa düşülür. Amma bu dəyişiklik baş vermir. Ona görə də qarşıdan gələn seçkilərdə müxalifətin şansları hazırda çox aşağı dəyərləndirir. Bu deyilənlər heç də hakimiyyətin apardığı reqressiv siyasətə bəraət qazandırmaq məqsədi güdmür. Təbii ki, prosesdə hakimiyyətin də rolu olub. Amma partiya ardıcıl olaraq uduzursa, deməli, rəhbərliyində, sıralarında, prinsiplərində ciddi nöqsanlar var. Ona görə də müxalifətin bu liderlərlə irəliləməsi qeyri-mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR