Bank Of Baku

Azərbaycanda “Qadınlar və dövlət quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycanda “Qadınlar və dövlət quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib
# 05 mart 2008 12:42 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə “Qadınlar və dövlət quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Türkiyə, Fransa, Rusiya, Misir, Macarıstan, Ukrayna, Küveyt, İordaniya və digər ölkələrdən nümayəndələr iştirak ediblər. Konfransda professor Maarifə Hacıyeva “Qadınlar və dövlət quruculuğu: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib: “Ailə kiçik dövlətdir deyənlər, yanılmırlar. Qadınlar üçün böyük dövlət quruculuğundakı xidmətlər ailədən başlayır”. “Ailə şərəfi” ordeninin təsis edilməsi təşəbbüsü ilə çıxış edən məruzəçi bu ordenin çoxuşaqlı ailələrə yox, cəmiyyət üçün yararlı övlad böyüdənlərə verilməsini təklif edib. Milli Məclisin sədr müavini Bahar Muradova 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində bu konfransın keçirilməsinin sevindirici hadisə olduğunu söyləyib: “Bu gün Azərbaycan qadınları dövlət orqanlarında təmsil olunublar. Milli Məclisin 125 üzvündən 14-ü qadındır. Sayı bizi qane etməsə də, yerli bələdiyyə orqanlarında da qadınlar təmsil olunub”. Millət vəkili Qənirə Paşayeva azərbaycanlı qadınların ən çox Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən əziyyət çəkdiyini bildirib. O, Azərbaycan xalqının dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qaldığını, əsrin əvvəllərindən bu yana baş verən soyqırımı hadisələrində çoxlu sayda insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyini bildirib. Qənirə Paşayeva ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətini daim davam etdirdiyini bildirib və dünən cəbhənin Tərtər və Goranboy istiqamətində baş verən hadisələri buna misal çəkib. Erməni işğalçıları ilə döyüşlərdə əsgərlərimizin şəhid olması ilə əlaqədar onların ailəsinə və Azərbaycan xalqına başsağlığı verib. O, konfrans iştirakçıları adından ermənilərin işğalçılıq siyasətini pisləyən və dünən baş verən hadisələrə qiymət verən sənədin qəbulunu vacib sayıb. Konfransda çıxış edən Misir Ərəb Respublikası Parlamentinin sədr müavini Zeynəb Radvan, Qırğızıstan Parlamentinin sədr müavini Çolpon Tursunova, Rusiya Federal Məclisi Dövlət Dumasının deputatı Natalya Karpoviç və digərləri mövzu ətrafında çıxış ediblər. Onlar bildiriblər ki, ölkələr arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi və müxtəlif beynəlxalq tədbirlərin təşkili qadınlar arasında ünsiyyətinin yaranmasına, ortaq problemlərin həllinə yardım göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR