Bank Of Baku

Gələcəyə getmək üçün geriyə dönməli: Kipr - TƏHLİL

Gələcəyə getmək üçün geriyə dönməli: Kipr - <font color=#FF0000>TƏHLİL</font>
# 07 mart 2008 09:12 (UTC +04:00)
Kosovo fenomeninin Dimitris Xristofiasın taleyi üzərindəki yeganə təsiri bundan ibarət deyil. Çünki ultramillətçi siyasətçi Tasos Papadopulosun siyasi iflasa uğrayaraq prezident seçkilərinin elə ilk turunda digər iki namizəddən arxada qalması məhz bilavasitə Kosovo hadisələrinin Kiprdəki əks-sədası ilə bağlıdır. Belə ki, Kosovo təcrübəsinin Şimali Kiprin timsalında təkrarlanacağından ehtiyatlanan kiprli yunanlar vaxtilə 2004-cü ildə Annan planına qarşı çıxaraq əhalini adanın birləşməsinə qarşı çıxmağa inandıran Tasos Papadopulosdan narazılığını bu şəkildə ifadə ediblər. 61 yaşlı Dimitris Xristofias kommunist AKEL-in (Kiprin Əməkçi Xalqının Tərəqqi Partiyası) namizədi qismində səslərin 53,4 faizini qazanıb. Ali təhsilini və elmlər doktoru dərəcəsini 1969-74-cü illərdə Moskvada alan gələcək prezident gələcək həyat yoldaşı ilə də Sovet İttifaqında tanış olub. Tasos Papadopulos üzərində qələbəsinin səbəbini yaxşı dərk edən AKEL lideri prezident seçilər-seçilməz telekanallar tərəfindən canlı yayımlanan çıxışında bu cəhəti vurğulamağı yaddan çıxarmayıb: “Sabah yeni gün başlayır. Qarşıda bizi çox çətinlik gözləyir. Biz qüvvələrimizi birləşdirəcəyik və vətənimizin yenidən birləşdirilməsinə nail olmaq üçün birlikdə çalışacağıq”. Dövlət başçısı çıxışını bu sözlərlə başa vurub: “Yaşasın Kiprin bütövlüyü, yaşasın məğlubedilməz Kipr xalqı!”
Kipr adasının birləşdirilməsi ideyası D. Xristofiasın bütün nitqlərində xüsusi şəkildə seçilir. O, fevralın 28-də baş tutan andiçmə mərasimindən sonra parlamentə xitabən etdiyi çıxışında on illərdir, bölünmüş vəziyyətdə olan Kiprin birləşdirilməsini fəaliyyətinin əsas məqsədi olacağı vurğulayıb. Yunan Kiprinin prezidenti Avropa İttifaqını da problemin həllində daha fəal rol oynamağa dəvət edib.
Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin D. Xristofiasdan gözləntiləri çoxdur. AKEL rəhbəri BMT-nin o zamankı baş katibi Kofi Annan tərəfindən 2004-cü ildə təklif olunan və adanın iki ayrı yunan və türk qurumlarından ibarət federasiyaya çevrilməsini nəzərdə tutan planını dəstəkləyən yeganə kiprli yunan siyasi xadimi olsa da, sonradan ən son məqamda mövqeyini dəyişərək ultramillətçilərin düşərgəsinə keçmişdi. D. Xristofiasın partiyası olan AKEL ilə Şimali Kiprin hazırkı dövlət başçısı Mehmet Əli Tələtin rəhbərlik etdiyi Respublikaçı Türk Partiyası arasında uzunmüddətli əməkdaşlıq əlaqələri çoxdan hər kəsə məlumdur. Bu baxımdan sələfi Rauf Denktaşdan fərqli olaraq, Şimali Kiprin tam müstəqilliyi və ya suveren yunan və türk dövlətlərindən ibarət Kipr konfederasiyasından çox vahid federativ Kipr dövləti modelinə üstünlük verən M. Ə. Tələtin D. Xristofiasın qələbəsinə təmkinli yanaşması da aydındır: “Biz son anda imtina olunacaq razılaşmalar istəmirik”.
Bununla bərabər artıq Kipr problemi üzrə müzakirələr prosesinə ikinci nəfəs verilib. BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Mixael Möller bəyan edib ki, ilk Xristofias-Tələt görüşü martın sonunda keçiriləcək. Yunan Kiprinin yeni lideri danışıqlar üçün başlanğıc nöqtə kimi 8 iyul 2006-cı il razılaşmalarının götürdüyünü bildirib. Onun fikrincə, problemin açarı Ankaradadır və Türkiyə istəyərsə, problemin həlli mümkün olacaq: “Kiprli türk vətəndaşlarımızın vahid federal Kipr Respublikasının bərabərhüquqlu vətəndaşları olaraq bütün haqlara sahib olması üçün çalışacağıma bir daha təminat verirəm. Ancaq kiprli türklərin hüquqlarının bərpasının kiprli yunan, maroni, erməni və latın vətəndaşlarımızın hüquqlarına zidd olaraq baş verməsinin mümkünsüzlüyünü təkrar vurğulamaq istəyirəm. Yoxsa Kipr probleminin həlli cəhdi ölü doğula bilər”.
Danışıqların çətin keçəcəyi indidən bəllidir. D. Xristofiasın “qırmızı xətt” olaraq elan etdiyi şərtlərə əsasən, Türkiyə Kipr adası üzərində qarantiya hüququndan imtina etməli, türk qoşunları adadan çıxarılmalı, Türkiyədən Kiprin şimalına köçən şəxslərin geri dönməsi, yeni federasiyada türk icmasının veto hüququndan məhrum edilməsi nəzərdə tutulur. Şimali Kiprin lideri isə Annan planını əldə rəhbər tutduqlarını, heç bir ön şərt irəli sürmədiklərini bildirib: “Biz iki dövlətin varlığına əsaslanan konfederasiya planına qarşıyıq”. O, Şimali Kipr Türk Respublikasının yeni vahid Kipr federasiyasında “Kipr Türk Dövləti” adlanan yeni federal subyektə çevrilə biləcəyini də istisna etməyib.
Kipr məsələsi üzrə danışıqların nəticə verməsində bütün tərəflər maraqlıdır. Düzdür, hər bir tərəfin özünün fərqli və orijinal arqumentləri var. Kiprin yunan rejimi bununla adanın birləşdirilməsi kimi əzəli arzunun gerçəkliyə qovuşmasına ümid edir. Çünki Kosovo təcrübəsini presedent olaraq qəbul edən yunan icması 1974-cü ildən bəri tanınmamış dövlət olaraq yaşayan Şimali Kiprin əvvəlki illərlə müqayisədə tanınma şanslarının artdığını yaxşı dərk edir.
Şimali Kipr Türk Cümhuriyyəti isə Tasos Papadopulosun daha mötədil lider ilə əvəzlənməsini türk icmasının gələcək federasiyada yer alması və təcrid siyasətinə son qoyulması qarşısında yaşıl işıq kimi dəyərləndirir. Vahid Kiprin federativ subyekti olmaq Şimali Kiprə Avropa İttifaqında öz yerini tutmaq və Türkiyə maliyyəsindən asılı olub yunan Kiprindən dəfələrlə geri qalan iqtisadiyyatına dirçəliş vəd edir.
Türkiyə də bu durumdan ümidlidir: çünki bu gün Avropa İttifaqına namizəd ölkə kimi üzvlük müzakirələri məhz Kipr probleminin ucbatından dondurulub və nəticədə indiyə qədər açılmalı olan 20-də artıq müzakirə fəslindən yalnız bir neçəsi üzrə danışıqlar aparılır. Halbuki Türkiyə ilə eyni vaxtda Aİ ilə üzvlük müzakirələrinə başlayan Xorvatiya 2011-ci ildə bu ittifaqa inteqrasiyaya hazırlaşır. Üstəlik Kipr probleminin qəbul ediləcək şəkildə həlli türk iqtisadiyyatını əlavə ağırlıqdan xilas etməklə yanaşı, Avropa İttifaqında türk amilinin peyda olmasına şərait yarada bilər. Yeri gəlmişkən, Şimali Kiprin Avropa İttifaqı məkanına daxil olması türk dilinin Avropanın yeni rəsmi dili elan olunması deməkdir.
İstənilən halda tərəflərin bir-birinə güzəştlərə getməsinin vacibliyi aydındır. Amma indi əsas məsələ kompromisin mümkünlüyü və ya mümkünsüzlüyü deyil, hansı tərəfin hansı dərəcədə kompromisə getməsidir. /APA-Analitika/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR