Bank Of Baku

Xəzər İbrahim: “BMT-də qəbul olunmuş qətnamə danışıqlar prosesi üçün açıq və aydın parametrlər yaradır”

Xəzər İbrahim: “BMT-də qəbul olunmuş qətnamə danışıqlar prosesi üçün açıq və aydın parametrlər yaradır”
# 19 mart 2008 11:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işini davam etdirir və bu günlərdə nazir Elmar Məmmədyarov Parisdə onlarla görüşüb”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib. Həmsədr ölkələrin BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı sənədin qəbul olunmasına qarşı çıxmasından sonra bir sıra millət vəkilləri və qeyri-hökumət qurumlarının ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etmək barədə təkliflərinə münasibət bildirən X. İbrahim hazırda danışıqların müstəvisinin dəyişməsindən söhbət getmədiyini söyləyib: “Qətnamənin qəbul olunmasından əvvəl də, sonuncu görüşdə də biz birmənalı olaraq həmsədrlərə onların mövqeyinin yanlış olduğunu və müsbət assosiasiyalar doğurmadığını bildirmişik. Lakin hazırda həll prosesinin hansısa digər təşkilatın müstəvisinə keçirilməsi gündəmdə deyil. Eyni zamanda BMT-də qəbul olunmuş qətnamə danışıqlar prosesi üçün açıq və aydın parametrlər yaradır”. Həmsədrlərin birgə bəyanatında ATƏT-in Helsinki Yekun Aktına işarə edilməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinin balanslaşdırılmasından bəhs olunduğuna da toxunan X. İbrahimin sözlərinə görə, münaqişənin məhz Helsinki Yekun Aktı əsasında həlli nəzərdə tutulur: “Onlar məsələnin bir tərəfini qeyd edib, digərini deməyiblər. Helsinki Yekun Aktında millətlərin öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn digər normaları, xüsusən də ərazi bütövlüyü prinsipi və BMT Nizamnaməsi çərçivəsində gerçəkləşməsi əksini tapıb. Ona görə də həmsədrlər bəyanat verəndə bu sənədləri çox diqqətlə öyrənməli və onun bütün müddəaları əks etdirməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR