Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyi: “Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib”

Azərbaycan Müdafiə Nazirliyi: “Ötən il Ermənistandan PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib”
# 09 aprel 2008 11:48 (UTC +04:00)
Məlumata görə, 2007-ci il ərzində Ermənistandakı hərbi hissələrdən PKK terror təşkilatına 2 milyon dollarlıq silah-sursat göndərilib. PKK sıralarında Türkiyəyə qarşı döyüşən terrorçular arasında Ermənistandan və Yaxın Şərq ölkələrindən olan erməni mənşəli muzdluların olduğu da məlumdur. Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində və İraqın şimalında PKK-ya qarşı apardığı antiterror əməliyyatları zamanı öldürülən terrorçular arasında erməni mənşəli muzdluların olduğu üzə çıxıb. Ermənistandan göndərilən silah-sursatın bir hissəsi müxtəlif yollarla İraqdakı koalisiya qüvvələrinə qarşı döyüşən silahlı qrupların da əlinə keçir. Yaxın və Orta Şərqdə fəaliyyət göstərən terrorçu təşkilatlara Ermənistan vasitəsilə silah göndərilməsi faktları məlumdur. Müxtəlif terrorçu qurumlara silah satışında günahlandırılan Rusiya Hərbi Hava Qüvvələrinin sabiq zabiti Viktor Butun və erməni mənşəli Böyük Britaniya vətəndaşı Endryu Smulyanın Tailandda həbsi Ermənistanın qanunsuz silah ticarətində iştirakını bir daha təsdiqləyir. Bu şəxslər Tailandda “Fuerzas Armadas Revolucionarias Columbia” adlı terrorçu qruplaşmaya “Yer-Hava” tipli zenit-raket kompleksinin satışı ilə bağlı danışıqlar aparıblar. Həmin fırıldaqçılar daha əvvəl də silahlı münaqişələrin bürüdüyü Liberiya, Konqo, Anqola, İraq və Kolumbiya kimi üçüncü dünya ölkələrinə qeyri-leqal silah satışında iştirak ediblər. 2005-ci ilin martında silah qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları Artur və Levon Solomonyan qardaşlarının ABŞ-da həbs olunması da bu baxımdan diqqətçəkəndir. A. Solomonyanın başçılıq etdiyi beynəlxalq cinayət şəbəkəsi Rusiya, Ermənistan və Şimali Qafqazdakı hərbi hissələrdən alınmış silahların satışı ilə məşğul olub. “United Nations Register of Conventional” adlı təşkilatın silah ixracı və idxalına dair illik hesabatında Ermənistan öz ordusu üçün əldə etdiyi silahları sənədlərdə göstərməyən və gizlədən ölkələr sırasında qeyd olunub. 2007-ci ilin yayında rəsmi İrəvanın müxtəlif ölkələrdən gizli şəkildə silah və hərbi texnika alması ilə bağlı bir neçə fakt üzə çıxıb. 2007-ci ilin iyulunda Türkiyənin ərazi sularında Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın “Meiko” firmasından aldığı 60 konteyner qanunsuz silah daşıyan gəmi saxlanılıb. Qaçaqmal silahlar arasında 75 mm-dən 122 mm-ə qədər, müxtəlif kalibrli artilleriya qurğuları da olub. Sonradan müəyyənləşdirilib ki, bu silahlar Tirana ətrafındakı silah anbarlarından qeyri-qanuni əldə edilib. Həmin anbarda cari ilin mart ayında güclü partlayış baş verib. Partlayışın Ermənistana silah satışı ilə bağlı fırıldağı ört-basdır etmək məqsədilə qəsdən törədildiyi istisna edilmir. 2007-ci ilin avqustunda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın maliyyə dəstəyi ilə “Radiotexkomplekt” Qapalı Səhmdar Cəmiyyətindən hərbi təyinatlı rabitə vasitəsi alınaraq qeyri-leqal yolla Ermənistana göndərilib. Elə həmin dövrdə Krasnodar diyarındakı “Qafqaz” dəniz limanında gömrük işçiləri Ermənistan Müdafiə Nazirliyinə məxsus “Faqot” raket kompleksi və BM-21 “Qrad” reaktiv atəş sistemi üçün nəzərdə tutulmuş ehtiyat hissələrin qaçaqmal yolu ilə keçirilməsinin qarşısını alıblar. Bütün bunlar belə deməyə əsas verir ki, Ermənistan beynəlxalq terrorçuluğun silah bazasına, eyni zamanda qeyri-qanuni silah satışının mərkəzinə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR