Bank Of Baku

Aydın Abbasov: “Abbas Abbasovun yenidən vəzifəyə qayıtmasını istəməzdim” - EKSKLÜZİV

Aydın Abbasov: “Abbas Abbasovun yenidən vəzifəyə qayıtmasını istəməzdim” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 15 may 2008 09:06 (UTC +04:00)
- Deputat seçilməyinizə baxmayaraq, Sizi hələ də atanız, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu kimi tanıyırlar. Siz özünüzü necə təqdim edərdiniz, Aydın Abbasov kimdir?
- Aydın Abbasov, ilk növbədə Abbas Abbasovun oğludur. Bir övlad kimi atanın adını qoruyub saxlamaq, özünü onun davamçısı saymaq böyük xoşbəxtlikdir. Mən də Abbas Abbasovun oğlu olmaqla fəxr edirəm. 1976-cı ildə Gəncədə anadan olmuşam. Birinci sinfə Özbəkistanın Daşkənd şəhərində getmişəm. O vaxt atam Daşkənddə işləyirdi. 1989-cu ildə Bakıya qayıtdıq. 1993-cü ildə Londona dil kurslarında oxumağa getdim. Sonra bu ölkənin məşhur ali məktəblərindən birinə iqtisadiyyat ixtisası üzrə qəbul olundum və Londonda oxumalı oldum. Bu məktəbi bitirəndən sonra isə Londonda daha bir ali məktəbə daxil olub təhsilimi davam etdirdim. 1997-ci ildə Azərbaycana qayıtdım və əsgərliyə yollandım. Hərbi xidmətdən sonra Bakı Dövlət Universitetində hüquq ixtisası üzrə daha bir təhsil almışam. Daha sonra 8 il Dövlət Neft Şirkətində çalışmışam. Orada Qazın satışı və marketinq şöbəsinin rəisi olmuşam. Parlamentin vitse-spikeri Valeh Ələsgərov orda mənim müdirim olub. 2005-ci ildə isə siyasətə gəlməyə qərar verdim. Doğulduğum Gəncə şəhərindən namizədliyimi irəli sürdüm və deputat seçildim. Fikirləşdim ki, Azərbaycan böyük sürtələ inkişaf edirsə, bu sistemdə yaşayan gənc kimi mən də kənarda qalmamalıyam. Namizədliyim irəli sürülən dairədən qohum-əqrəbamız yox idi. Sağ olsunlar ki, insanlar seçkiyə gəlib mənə dəstək verdilər.
- Həm Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, həm də gənc deputatlardan biri olmağınıza baxmayaraq, parlamentdə çox az çıxış edirsiniz...
- Əgər mənim Milli Məclisdə tez-tez çıxış etməyim hansısa prosesə töhfəsini verəcəksə, sizə daha çox danışacağıma söz verirəm. Deputatlardan təcrübəliləri, intensiv danışanları var. Onlara münasibətim normaldır. Mən gənc deputatam, çalışıram ki, öz fəaliyyətimlə müəyyən qədər aktivlik nümayiş etdirim. Müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərimi üzvü olduğum komissiyaya yazılı təqdim edirəm. Ancaq bir faktı qeyd etmək istəyirəm ki, deputat kimi ilk çıxışımı məhz Avropa Şurası Parlament Assambleyasının sessiyasında etmişəm. Bu mənim ilk tribunam idi. Orada Azərbaycan üzrə həmməruzəçi Andreas Qrossla mübahisəmiz də olub. Mən Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin fəaliyyətini çox yüksək qiymətləndirirəm.
- Deputat seçildiyiniz Gəncəyə sonuncu dəfə nə vaxt getmisiniz?
- Gəncəyə mütəmadi olaraq gedirəm. Seçicilərimin müəyyən problemlərinin həllinə köməklik edirəm. Orada iki qərargahım var. Gəncəlilər məndən narazı olsalar, bunu mütləq deyərlər.
- Yeni Azərbaycan Partiyasının üzvüsünüz?
- Xeyr, mən bitərəfəm.
- Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Parlamentin fəaliyyəti yüksək səviyyədədir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslarda iştirak edib, öz mövqeyimizi çatdırırıq. Hansı əsasa görə parlamentin fəaliyyətindən razı olmamalıyam? Parlamentin rəhbərliyindən də razıyam. Dünyanın heç bir ölkəsindən Azərbaycan Milli Məclisində yaradılan şəraitə rast gəlməzsiniz. Deputatların rahatlığı üçün bütün şərait yaradılıb.
- Parlamentdə tez-tez mübahisələr düşür. Bitərəf deputat kimi buna münasibətiniz necədir?
- Hər hansı məsələ ilə razılaşmayıb etiraz edənlərin fikrinə hörmətlə yanaşıram. Ancaq istənilən məsələyə etiraz edən deputat gərək həmin sahə üzrə tam məlumatlı olsun. Təəssüf ki, bəzən mübahisələr müzakirə olunan məsələnin mahiyyətindən kənara çıxır. Hesab edirəm ki, deputatın davranış kodeksi olmalıdır. Burada geyim, rəftar və digər məsələlər əksini tapmalıdır. Deputatın işi qanunvericiliklə məşğul olmaqdır.
- Sizin həm hüquq, həm də iqtisadi sahədə təhsiliniz var. Özünüzü hüquqşünas hesab edirdiniz, yoxsa iqtisadçı?
- Mən iqtisadçıyam.
- Milli Məclisdən kənar hansı fəaliyyətlə məşğulsunuz?
- Azərbaycan Güləş Federasiyasının vitse-prezidentiyəm. Vaxtilə atam bu federasiyanın prezidenti olub. İndi isə fəxri prezidentdir. Buradakı işimlə də aktiv məşğulam. Federasiyada idmançılara çox yüksək şərait yaradılıb. Azərbaycanda güləşə böyük maraq var. Artıq Azərbaycan güləşçiləri Pekin Olimpiadasına on beş lisenziya qazanıb. Bu say arta da bilər.
- Özünüzün idman sahəsində hansısa göstəriciniz var?
- Xeyr, heç bir göstəricim yoxdur. Ancaq idmanın sərbəst güləş növü ilə məşğul olmuşam.
- Ancaq atanız bu sahədə də uğur qazanmışdı...
- Hə, atam SSRİ idman ustası idi. İndi də FİLA-nın üzvüdür.
- Sizin adınız həm də biznes sahəsində çəkilir...
- Mənim biznes fəaliyyətim 1999-cu ildən başlayıb. Biznes fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmır. Müxtəlif ölkələrdə bu istiqamətlərdə işləyirik və işlər öz axarı ilə gedir. Çalışırıq ki, Azərbaycana xeyir verək.
- Biznesdə hədəfiniz nədir?
- Dünya biznes üzərində qurulub. Azərbaycan prezidentinin rəhbərliyi altında ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bazar iqtisadiyyatı olan ölkədə nəyə görə bizneslə məşğul olunmamalıdır? Hesab edirəm ki, ölkədə gedən inkişafdan hər bir vətəndaş faydalanmalıdır. Mən istəyirəm ki, bizim aparıcı şirkətlərimiz Azərbaycanı beynəlxalq iqtisadi qurumlarda təmsil etsin. Bu özü də bir mədəniyyətdir. Bu gün Azərbaycanda kifayət qədər tanınmış şirkət fəaliyyət göstərir. Azərbaycan iş adamlarını bir brend kimi istehsal etməlidir.
- Hansı xarici dilləri bilirsiniz?
- Rus, ingilis, özbək və türk dillərini bilirəm.
- Aydın Abbasovun həyata keçməyən arzusu var?
- Mənim cəmi bir arzum var, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması. Çoxları üçün bu şablon qəbul oluna bilər. Ancaq siz soruşdunuz, mən də səmimi cavab verdim. Mənim ürəyimdəki bu arzu qeyrətim və namusumdur. Başqa heç bir istəyim yoxdur.
- Azərbaycan hökumətində böyük nüfuza sahib olan atanız Abbas Abbasovun cəmi 56 yaşında birdən-birə istefa verməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Bu hadisənin üstündən bir neçə il keçməsinə baxmayaraq, bu gün də həmin istefanın əsl səbəbinin qaranlıq qalması barədə məlumatlar var...
- Atamın şəxsiyyət kimi formalaşmasında Heydər Əliyevin böyük rolu olub. Atam bu barədə çox danışıb. Onun çoxlarına məxsus olmayan qəribəlikləri var. O, heç zaman əqidəsindən geri çəkilməyib. Onun üçün ən vacib iş Heydər Əliyevin tapşırığını dəqiq yerinə yetirmək olub. Abbas Abbasov 25 yaşında Bakı Broyler Fabrikinin baş direktoru olub. Yəni onun bütün həyat və fəaliyyəti birbaşa dövlətçiliklə, iqtisadiyyatla bağlı idi. O, özünü Azərbaycanın böyük şəxsiyyəti Heydər Əliyevin tələbəsi sayıb. Onun böyük vəzifədə işləməsi bizim üçün birbaşa məsuliyyətlər yaradıb. İstefasından əvvəl ona ölkənin ən yüksək mükafatı olan “İstiqlal” ordeni verilib. Abbas Abbasov istefası ilə bağlı dövlət başçısına açıq məktub yazmışdı. Həmin məktubda göstərilən səbəblərdən başqa heç bir səbəb yoxdur. Bəziləri hesab edir ki, başqa məsələ var idi, ona görə də Abbas Abbasov vaxtında getdi. Ancaq elə deyil. Mənim atam səmimi insan olub.
- Tez-tez mətbuatda atanız haqqında xoşagəlməz informasiyalar yayılır. Onun adını hətta cinayətkar qruplarla əlaqədə hallandırırlar.
- Bütün bunlar cəfəngiyyatdan baş bir şey deyil. Bu məsələlərə atam aydınlıq gətirib. Mən sadəcə bir kəlmə deyə bilərəm ki, bu yazılalar paxıllıqdan irəli gəlir. Əqidəsində möhkəm olan insana paxıllıq edənlər çox olur.
- Abbas Abbasov indi haradadır?
- Rusiyada iş adamı kimi fəaliyyət göstərir. Bundan başqa, o, indi uzun illər həyatında yaranmış boşluqları doldurmaqla məşğuldur. Atam həyatında yaranmış bu boşluqları doldurmağı vacib sayır. O, insanlarla dost olmağı bacarır. Onun yaxşı dostları var.
- Deyilənə görə, atanız “AST Telman” kimi tanınan məşhur iş adamı Telman İsmayılovla bir yerdə çalışır.
- Doğrudur. O, tez-tez Bakıya bizi yoxlamağa gəlir. Yeri gəlmişkən, bir müddət əvvəl atamın səhhəti ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir.
- Abbas Abbasov yenidən siyasətə qayıda bilər?
- Son bir neçə ildə biz onunla bu barədə danışmamışıq. Doğrudan da, başı ailəsinə çox qarışıb. İstefa verəndə sonra iki subay qardaşımı evləndirib. Onlardan birinin 29, digərinin isə 30 yaşı var. Ancaq mən 19 yaşımda ailə qurmuşam. İndi bir subay qardaşımız qalıb. Açığı, mən Abbas Abbasovun yenidən siyasətə qayıtmasını istəməzdim.
- Bəs özünüzün necə, hansısa vəzifədə təmsil olunmaq istəyiniz yoxdur ki?
- Mən Heydər Əliyev siyasi kursunun gənc əsgəriyəm. Təcrübəm və iş qabiliyyətim artan zaman mənə etimad göstəriləcəksə, bir əsgər kimi əmrə tabe olmağa hazıram. Ancaq hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir.
- Bir neçə aydan sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Sizin seçkiyə münasibətiniz necədir?
- Bu il keçiriləcək prezident seçkisində İlham Əliyev birmənalı olaraq qalib gələcək. Bütün xalq Heydər Əliyev siyasi kursunu müdafiə edəcək. Buna yüz faiz əminəm. Sizə deyim ki, hətta müxalifət də İlham Əliyevə alternativ siyasətçinin olmadığını çox gözəl bilir və qəbul edir.
- Sirr deyilsə, kiminlə ailə qurmusunuz?
- Gəncədə professor Məhəbbət Nəcəfovun nəvəsi ilə evlənmişəm. O vaxt Londonda oxumağa gedəndə valideynlərimə evlənmək istədiyimi söylədim. Bu fikrimi yüksək qiymətləndirdilər və məni evləndirib Londona yola saldılar. İndi 10 yaşında bir oğlum var. O, olimpiya çempionu olmaq arzusundadır.
- Stolunuzun üstündə Jan Klod Vandamla çəkdirdiyiniz şəkil var...
- Vandam mənim dostumdur. Tez-tez əlaqə saxlayıb görüşürük. O, çox yaxşı insandır. Azərbaycana tanınmış iş adamlarından birinin dəvəti ilə buraya gələndə, mənim də qonağım oldu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR