Mərkəzi Bank media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sektorunun gündəmində olan aktual mövzular üzrə bilik və məlumatlılığının artırılmasına yönəlmiş maarifləndirici təşəbbüslərini davam etdirir.
"APA-Economics" xəbər verir ki, bu istiqamətdə növbəti fəaliyyət Milli Mətbuat Günü ərəfəsində təşkil olunan "Maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları" mövzusunda təlim olub.
Təlimdə Mərkəzi Bankın nümayəndəsi tərəfindən maliyyə sektorunda ən çox rast gəlinən fırıldaqçılıq sxemləri, kiberdələduzluğun aktual trendləri və onların qarşısının alınması üsulları barədə ətraflı məlumat verilib. Real nümunələr əsasında bank və ödəniş xidmətləri sahəsində müşahidə olunan risklər, sosial mühəndislik üsulları, dezinformasiyanın yaratdığı təhlükələr, həmçinin bu kimi halların işıqlandırılması zamanı media nümayəndələrinin diqqət etməli olduqları məqamlar səsləndirilib. Eyni zamanda media nümayəndələrinin şəxsi kibertəhlükəsizliyinin gücləndirilməsi və məlumat mənbələrinin qorunması ilə bağlı praktik tövsiyələr təqdim edilib.
Mərkəzi Bank ictimaiyyətin maliyyə və kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılmasını prioritet istiqamətlərdən biri hesab edir və bu istiqamətdə maarifləndirici təşəbbüslərini bundan sonra da davam etdirəcək.