Bank Of Baku

Lalə Şövkət: “Azadlıq” bloku prezident seçkilərini boykot etmək qərarını dəyişməyəcək”

Lalə Şövkət: “Azadlıq” bloku prezident seçkilərini boykot etmək qərarını dəyişməyəcək”
# 16 may 2008 11:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku bu ilin payızında keçiriləcək prezident seçkilərini boykot etmək qərarında hər hansı dəyişiklik etməyəcək. Blokun Sədrlər Şurasının üzvü, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət APA-ya açıqlamasında bildirib ki, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin ediləcəyi və seçkiqabağı demokratik şəraitin yaranacağı halda blok seçkilərdə iştirak etməyi düşünüb. Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin vəziyyəti daha da çətinləşdirdiyini deyən L. Şövkət layihədə seçki komissiyalarının tərkibi ilə bağlı müddəanın olmadığını, dövlət televiziyasında təbliğatın qadağan edildiyini, özəl telekanallarda isə təbliğat aparılmasının “Reklam haqqında” qanunla tənzimləndiyini xatırladıb: “Həmçinin depozitin məbləği artırılır, təşviqat materiallarının binaların üzərində yerləşdirilməsi qadağan olunur. Paytaxtda da mitinqlərə qadağa qoyulub. Belə bir şəraitdə bizim boykot qərarına yenidən baxmağımıza ehtiyac qalmır”. L. Şövkət, sadəcə, protokol üçün blokun Məclisinin toplantısında seçkiləri boykotun rəsmiləşəcəyini deyib. MBH lideri seçkiləri boykot edəcək partiyalarla əməkdaşlığın mümkünlüyünü də vurğulayıb. O, “Azadlıq” blokunun yalnız şəhərin mərkəzində mitinqlər keçirməkdə israrlı olduğunu bildirib: “Nə Bibiheybətdə, nə Ukrayna dairəsində, nə də Nargin adasına gedəcəyik. Ötən il üç dəfə razılaşmamış aksiya keçirdik. Həmin aksiyalarda iştirakçılara qarşı zorakılıq tətbiq edildi. Biz istəmirik ki, günahsız insanlar yenidən işgəncələrə məruz qalsınlar. Ona görə də razılıq əsasında şəhərin mərkəzi meydanlarında aksiyalar keçirmək fikrindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR