Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox...”

Zəminə Dünyamalıyeva: “Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox...”
# 09 iyun 2008 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Mənim builki prezident seçkisi ilə bağlı fikirlərim Açıq Cəmiyyət Partiyasının rəhbərliyinin fikirlərindən fərqlənir. Fikirlərim partiya liderinin xoşuna gəlməyə bilər, amma məncə, Rəsul Quliyev papağını qabağına qoyub düşünməli, ölkə prezidentinə müraciət etməlidir ki, Azərbaycanda seçkiyə qatılmayacaq, sadəcə, ölkəyə qayıtmasına imkan verilsin”. Bunları APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin müşaviri Zəminə Dünyamalıyeva deyib. Onun sözlərinə görə, 11 il mühacirət ömrü yaşayan R. Quliyev həm mühacirətdə, həm vəzifədə olduğu vaxtlarda xalqa xidmət edib: “Amma nəinki xalq üçün etdiyi xidmətin, bütün sülaləsi üçün etdiklərinin zərrə qədər əhəmiyyəti olmadısa, nə qədər də acı olsa, deyəcəyəm ki, o, açıq etiraflarını etməlidir”. Belə bir müraciətin edilməsi üçün ACP-də hər hansı müzakirənin aparılıb-aparılmaması ilə bağlı sualı Z. Dünyamalıyeva kəskin cavablandırıb: “Partiya kimdir?! Bu gün Rəsul Quliyevə haqsız ittihamlar irəli sürülür, partiyadakı qılquyruqlar isə bilmirsən müxalifətdədir, hakimiyyətdədir, Rəsul Quliyevin yanındadır, yoxsa haradadır. Bu gün Rəsul Quliyevə öz ailəsinin içindən düşmənlər də belə adamların hesabına meydana çıxarıb. Özlərini qohum adlandıranlar Rəsul Quliyevdən başqalarına, başqalarından Rəsul Quliyevə söz daşıyırlar. Partiyada bu müzakirəni kim edəcək? Yoxsa başıboş Akif Şahbazov edəcək? Rəsul Quliyev özü bütün dost-düşmənini gözünün önünə gətirməlidir”.
Z. Dünyamalıyevanın sözlərinə görə, vəziyyətin bu yerə gəlib çıxmasına səbəb R. Quliyevin saxta dostlara inanması olub: “Amma bu gün onun yanında heç kim yoxdur. Onun özəl məktublarını çörək verdiyi bacısı oğlu bu gün mətbuata çıxarır. İki qardaş arasında Azərbaycana gəlməklə bağlı məsləhətləşmə aparılırsa, burada pis heç nə yoxdur. Mənim də orada məktubum var, amma İlqar mənim məktubumu götürüb Telman Quliyevin adından verib. Mən Rəsul Quliyevə də yazmışam ki, bütün bunlardan nəticə çıxarmalıdır”.
R. Quliyevin müşaviri 2003-cü ildə keçirilən prezident seçkilərinə də toxunub: “Azərbaycanda 2003-cü il prezident seçkiləri ərəfəsi ADP Siyasi Şuranın iclasında İsa Qəmbərin və ya Etibar Məmmədovun namizədliyinin dəstəklənməsi barədə müzakirə aparıldı. Mən hər ikisinin əleyhinə səs verdim. Bildirdim ki, onları dəstəkləməkdənsə, İlham Əliyevi dəstəkləyirəm. Mən heç nədən çəkinmirəm və bu gün də bəlli olur ki, həmin vaxt düzgün qərar qəbul edilmədi. Rəsul Quliyev 2003-cü ildə İlham Əliyevi dəstəkləməli idi, İsa Qəmbəri yox. Bu gün İsa Qəmbər öz kampaniyasını kənarda qoyub, Rəsul Quliyevin şəxsiyyətinə zərbə vurmaqla məşğuldur. Ona görə də düşünürəm ki, gec də olsa, həmin addımı bu il atmalıdır”.
ACP sədri Akif Şahbazov Z. Dünyamalıyevanın təklifinə münasibət bildirərkən APA-ya deyib ki, formasından asılı olmayaraq, R. Quliyevin Azərbaycana qayıtmasına şərait yaratmaq lazımdır: “Rəsul Quliyev də bununla bağlı dolayısı ilə müraciətlər edib. Zəminə Dünyamalıyevanın fikirlərini də qəribçiliyə salmaq olmaz. Bu, mümkün olan variantlardandır. Partiya lideri bu və digər məsələlərlə bağlı kiməsə müraciət etməkdə sərbəstdir”. A. Şahbazov bildirib ki, ACP prezident seçkilərinə qatılmaqla bağlı qərardan əvvəl R. Quliyevin Azərbaycana qayıtmasına çalışacaq. Z. Dünyamalıyevanın ACP və onun haqqında səsləndirdiyi fikirlərə gəldikdə, A. Şahbazov hələlik bunlara cavab vermək istəmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR