Bank Of Baku

Azərbaycanda prezident seçkilərinə hazırlıqla əlaqədar YAP ümumrespublika müşavirəsi keçirib

Azərbaycanda prezident seçkilərinə hazırlıqla əlaqədar YAP ümumrespublika müşavirəsi keçirib
# 09 iyun 2008 09:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Prezident seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə çıxış edən partiya sədrinin müavini, icra katibi Əli Əhmədov parlamentin qərarı ilə Seçki Məcəlləsində bir sıra dəyişiklik aparıldığını qeyd edib. O, dəyişikliklərə uyğun olaraq təbliğat kampaniyasına avqustun əvvəllərində start veriləcəyini, 28 gün təşviqat aparılacağını, qalan günlərdə isə namizədin müəyyən edilməsi, qeydə alınması üçün imzaların toplanması, imzaların Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanması və digər prosedurların həyata keçiriləcəyini bildirib. Ə. Əhmədov şəhər və rayon təşkilatlarının seçki kampaniyasının daha çevik və dinamik aparılması üçün ciddi çalışmasının vacib olduğunu deyib, prezident seçkilərinə hazırlıq işlərinə partiya tərəfindən artıq start verildiyini vurğulayıb. Prezident seçkilərində irəli sürülmüş namizədin kimliyinin əsas məsələ olduğunu vurğulayan sədr müavini qeyd edib ki, bu seçkilərdə partiya tərəfindən dəstəklənəcək namizəd İlham Əliyev cəmiyyətdə yüksək nüfuza malikdir: “YAP tərəfindən məhz İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi budəfəki seçkilərin də partiyamız üçün uğurlu olacağına təminat verir”. Ə. Əhmədov oktyabrın 15-də keçiriləcək seçkilərlə əlaqədar partiya rəhbərliyi tərəfindən xüsusi konsepsiya və bu konsepsiyanın həyata keçirilməsi üçün iş planının hazırlandığı bildirib. Müşavirədə YAP icra katibinin müavini Siyavuş Novruzov iş planına uyğun olaraq partiyanın şəhər və rayon təşkilatları tərəfindən görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. O, seçkilər ərəfəsində partiyanın rayon və şəhər təşkilatlarının konfranslarının və qurultayının keçirilməsinin nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR