“Hava nəqliyyatına gəldikdə, təkcə onu demək kifayətdir ki, bu gün bizim təyyarə parkı ən müasir parklardan biridir. Həm yük təyyarələrimiz, həm sərnişin təyyarələrimiz müasirdir, dünyanın aparıcı şirkətlərinin istehsalıdır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
O qeyd edib ki, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır: “MDB-də isə artıq neçə ildir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı birinci yerdədir. Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir. Son illərdə 7 hava limanı inşa edilib. Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.