Bank Of Baku

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası seçkilərin monitorinqinə dair yekun hesabat açıqlayıb

“Parlament-2015” Seçki Monitorinq Koalisiyası seçkilərin  monitorinqinə dair yekun hesabat açıqlayıb
# 23 noyabr 2015 09:39 (UTC +04:00)

Bakı - APA. “Parlament-2015” Seçki  Monitorinq Koalisiyasının noyabrın 1-də keçirilmiş V çağırış Milli Məclisinə seçkilərin  monitorinqinə dair yekun hesabatı açıqlayıb.

 

APA-nın məlumatına görə, monitorinqin həyata keçirilməsini təmin etmək məqsədilə təlimlər vasitəsilə birinci mərhələdə 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinin ərazisinə ezam edilib.

 

Koalisiya özünün apardığı monitorinqi, müşahidəçilərin hesabatlarını, toplanan materialları, “exit-poll” və MSK-nın ayrı-ayrı dairələr üzrə açıqladığı nəticələri geniş və müqayisəli təhlil edib. Qurum eyni zamanda, yerli və beynəlxalq müşahidəçilərin rəylərini də analiz edərək bu qənaətə gəlib ki, seçkilər tam demokratik və şəffaf şəraitdə, Azərbaycan Respublikasının qanunvericiliyinə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə baş tutub. Koalisiya hesab edir ki, namizədlərin irəli sürülməsi, imza toplanması, qeydiyyatı və seçkiqabağı təşviqat mərhələlərində rəsmi seçki qurumları və icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların seçilmək hüququ ilə bağlı qanunsuz məhdudiyyətlərə və pozuntulara yol verilməyib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədliyini irəli sürmək istəyən Azərbaycan Respublikasının vətəndaşları passiv seçki hüququndan sərbəst istifadə edə biliblər.  Koalisiya 118 seçki dairəsi üzrə 1361 məntəqədə apardığı monitorinqin nəticələrinə əsasən hesab edir ki, səsvermə prosesinə hazırlıq, səsvermə, səslərin sayılması və protokollaşdırılması şəffaflıq gözlənilməklə, qanun pozuntularına yol verilmədən həyata keçirilib. Müşahidə edilmiş bəzi nöqsan və çatışmazlıqlar seçkilərin nəticələrinə təsir göstərməyib. Bütün bunları nəzərə alaraq, koalisiya seçkilərin baş tutduğunu və nəticələrin seçicilərin iradəsini dolğun əks etdirdiyini bəyan edib.

 

Qeyd edək ki, “Parlament-2015” Seçki Monitorinq Koalisiyası Milli Məclisə seçkilərin monitorinqini aparmaq məqsədilə ölkənin 5 qeyri-hökumət təşkilatı (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) tərəfindən yaradılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR