APA-nın məlumatına görə, “Rəy” Monitorinq Mərkəzinin məsləhətçisi, sosioloq Əli Əliyev bildirib ki, müxalifətin fikrini bildirməsi normaldır: “Amma bu fikir həqiqətə söykənməlidir. Oktyabrın 8-də - seçki məntəqələrinin açılmasına 10 saat qalmış “Azadlıq” qəzeti öz veb-saytında “Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi” sərlövhəli xəbər dərc edib. Qəzetin yazdığına görə, “Gallup” və CNN guya Azərbaycanda ictimai rəy sorğusu keçirib və hər iki sorğuda Milli Şuranın namizədi Cəmil Həsənli lider kimi göstərilib. Biz buna şübhə ilə yanaşdıq və araşdırmalara başladıq. Məlum oldu ki, “CNN” in saytında Azərbaycanda keçirilən seçkilərlə bağlı dərc olunan yeganə sorğu “Rəy” Monitorinq Mərkəzinin sentyabrın 22-də keçirdiyi tədqiqatın nəticəsidir. Həmin sorğuda da respondentlərin 81,2 faizi İlham Əliyevə səs verəcəyini bildirib. Biz “Gallup”a da sorğu göndərdik. Təşkilatın mətbuat xidmətinin rəhbəri Stefani Holqado sorğuya cavabında bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir sorğu keçirməyib”.
Ə. Əliyev əlavə edib ki, araşdırma nəticəsində “Azadlıq” qəzetinin iki nüfuzlu beynəlxalq strukturun adından yalan xəbər yaydığı ortaya çıxıb: “Onlar bu xəbəri qəzetin veb-saytına yerləşdirməklə kifayətləniblər, satışa çıxarılar kağız variantda yaymaqdan çəkiniblər”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev isə APA-ya açıqlamasında bildirib ki, “Gallup” və CNN-nin Azərbaycanda ictimai rəy sorğusu keçirdiyi və hər iki sorğuda Milli Şuranın namizədi Cəmil Həsənli lider kimi göstərildiyi barədə məlumat “Facebook” sosial şəbəkəsindən götürülüb: “Bu məlumatın “faceboook” sosial şəbəkəsində hansı səhifədən götürüldüyü isə dəqiq yadımda deyil”.
“Azadlıq” qəzetinin bununla bağlı təkzib verib-verməyəcəyinə gəlincə, Rahim Hacıyev bildirib ki, araşdırdıqdan sonra məsələyə münasibət bildirəcəklər.