Bakı-APA. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan ediblər.
APA-nın xəbərinə görə, ABŞ Azərbaycanlılar Şəbəkəsi ( “US Azeris Network” – USAN) təşkilatı bu ölkənin Azərbaycan diasporu adından bəyanat yayıb. Bəyanatda prezident İlham Əliyevin Azərbaycanda yürütdüyü siyasətin dəstəkləndiyi vurğulanıb: “Uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığı genişləndirir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 20 ildən artıq bir müddətdə davam etməsi bu reallığın başlıca göstəricisidir”.
Şəbəkə bu mövqedən çıxış edərək Amerika azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırır.
Macarıstanda yaşayan azərbaycanlılar da prezident seçkiləri ilə əlaqədar öz mövqeyini açıqlayıb. Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin dəstəklədiklərini bəyan edib: “Vətəndən kənarda yaşasalar da, Azərbaycanda gedən proseslərə biganə qalmayan Macarıstandakı azərbaycanlılar ölkənin yalnız İlham Əliyevin rəhbərliyi altında özünün parlaq gələcəyinə qovuşacağına, ərazi bütövlüyünün bərqərar olacağına inanır”.
Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti də oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb. Təşkilat bu bəyanatla dünya azərbaycanlılarını İlham Əliyevin namizədliyini dəstəkləməyə və ona səs verməyə çağırır: “Avropada yaşayan milyonlarla azərbaycanlı arxasında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edir. Bu baxımdan qarşıdan gələn prezident seçkiləri bizim də diqqət mərkəzimizdədir. İnanırıq ki, Azərbaycan xalqı yenə də müdrik seçim edərək Heydər Əliyev siyasi kursunu layiqincə həyata keçirən İlham Əliyevə etimad göstərəcək”.
‘‘Azərbaycan Akademik Assosiasiyası’’nın Avstriyada yaşayan azərbaycanlılar adından yaydığı bəyanatda İlham Əliyevin namizədliyinin dəstəkləndiyi bəyan olunub.
Avropa Azərbaycanlıları Konqresi Avropada yaşayan Azərbaycan icması adından müraciət yayıb. Dünyanın 28 ölkəsində 50-dən artıq Azərbaycan diaspor təşkilatını birləşdirən konqres dünya azərbaycanlılarına müraciət edərək qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb: “Azərbaycan Respublikası keçən beş il ərzində həyatının bütün sahələrində həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir”.
Niderland Krallığı, Belçika və Lüksemburqdakı Azərbaycan diaspor təşkilatlarını birləşdirən Benilüks Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar.
Bəyanatda qeyd olunur ki, müsəlman və xristian dünyasının qovuşduğu məkanda yerləşən Azərbaycanın düzgün inkişaf yolu seçməsi, insan hüquq və azadlıqlarını möhkəmləndirməsi, qanunun aliliyini təmin etməsi ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına öz töhfəsini verib.
Benilüks Azərbaycanlıları Konqresi qarşıdakı prezident seçkilərində bütün dünya azərbaycanlılarını Azərbaycanın bugünkü inkişafının səbəbkarı – İlham Əliyevə səs verməyə çağırıb.
Kanada Azərbaycan Tədqiqatları İnstitutu Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib. Kanada Azərbaycan Tədqiqatları İnstitutu İlham Əliyevin uğurlu fəaliyyətini nəzərə alıb bütün azərbaycanlıları məhz onun namizədliyini dəstəkləməyə çağırıb.
İsveçdəki Azərbaycan diasporu adından bəyanatla çıxış edən İsveç Azərbaycanlıları Konqresi 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib.
İsveç Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarını İlham Əliyevə dəstək göstərməyə çağırıb: “Biz, oktyabrın 9-da - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə hər kəsi yenidən yanılmadan doğru seçim etməyə çağırır, bizi hər zaman diqqət və qayğı ilə əhatə edən prezident İlham Əliyevin yanında olduğumuzu bildirmək istəyirik”.