Səfirliyin mətbuat xidmətindən APA-nın sorğusuna əsasən bildirilib ki, ABŞ səfiri müntəzəm olaraq ölkədə ən böyük siyasi partiyaların nümayəndələri ilə görüşərək, Azərbaycanda siyasi mühitlə daha ətraflı tanış olur.
Görüşdə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə, “El” hərəkatının sədri Eldar Namazov, “ReAL” hərəkatının sədr müavini Erkin Qədirli, Liberal Demokrat Partiyanın sədri Fuad Əliyev iştirak ediblər.
Səfirlikdən o da qeyd olunub ki, gələn həftə səfirin Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədovla da görüşü planlaşdırılıb.
Qeyd edək ki, müxalifət düşərgəsindən verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər olub.
***
saat 12.28
Bakı. Ramil Məmmədli - APA. ABŞ-ın Azərbaycan səfirliyində bir qrup partiya sədri və prezidentliyə namizədlə görüş keçirilir.
APA-nın məlumatına görə, səfir Riçard Morninqstarın təşəbbüsü ilə keçirilən görüşə Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri iştirak edir.
Görüşdə Azərbaycan prezidentliyinə keçiriləcək seçkilər və ölkədəki ictimai-siyasi proseslər müzakirə ediləcək.
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, YAP-ın görüş barədə məlumatı yoxdur.