Bank Of Baku

ATƏT-in Minsk Qrupunun tərkibində dəyişikliklər edilməsi təklif olunub

ATƏT-in Minsk Qrupunun tərkibində dəyişikliklər edilməsi təklif olunub
# 18 dekabr 2013 12:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) ictimai birliyinin yaradılmasının 12-ci ildönümü ilə əlaqədar ümumi hesabat yığıncağı keçirilib.

 

APA-nın məlumatına görə, BMAM-ın sədri Rufiz Qonaqov təşkilatın ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra ictimai-siyasi məsələlərlə bağlı mövqeyini açıqlayıb.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Qonaqov vurğulayıb ki, problemin həlli üçün artıq tarixi məqam yetişib: “Bu istiqamətdə müəyyən irəliləyişlər var. Hesab edirik ki, münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun tərkibində dəyişikliklər edilməlidir. Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz edilməli və AB üzvü olan dövlətlərin xüsusi nümayəndəsi danışıqlara qatılmalıdır. Bununla bərabər, bu tərkibə Türkiyə də cəlb edilməlidir”.

 

R.Qonaqov Azərbaycanda keçirilən prezident seçkilərində təşkilatın apardığı layihələrə diqqət çəkərək bildirib ki, seçkilər ölkədə sabitliyin olduğunu, siyasi mədəniyyətin formalaşdığını və ölkənin islahatlara meylli olduğunu üzə çıxarıb. Onun sözlərinə görə, bu gün vətəndaş cəmiyyəti də ciddi inkişaf mərhələsinə qədəm qoyub: “Artıq beynəlxalq aləmdə də uğurlu layihələr Azərbaycan tərəfindən maliyyələşdirilir və Azərbaycan həqiqətləri dünyaya çatdırılır”.

 

BMAM sədri mərkəzin qarşıda duran vəzifələri barədə də danışıb. O, bildirib ki, mərkəzin missiyası inkişaf etməkdə olan dünyada, xüsusən də Azərbaycanda və regionda geopolitik durumu qiymətləndirmək, region üçün əhəmiyyətli olan beynəlxalq münasibətlər kontekstində araşdırmalar aparmaq, ictimai müzakirələr təşkil etməkdir.

 

Millət vəkili Qənirə Paşayeva çıxışında qeyd edib ki, bir çox sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin daha geniş təbliğ olunması istiqamətində BMAM-ın rolu böyükdür: “Bu gün ölkəmizdə QHT-lər daha da güclənir və onların hər bir layihələri cəmiyyətə əsaslı dərəcədə təsir göstərir. BMAM ölkəmizin tanıdılması, dövlətçiliyinin qorunması istiqamətində uğurlu fəaliyyət göstərir. Hesab edirəm ki, görülən işlər ölkəmiz və vətənimiz üçün çox əhəmiyyətlidir”.

 

BMAM-in ekperti Rəfail Becanov isə bildirib ki, 2014-cü il bələdiyyə seçkilərində vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin təmsil olunması mərkəzin əsas prioritetlərindən biri olmalıdır: “Bu gün söz və mətbuat azadlığı, informasiya təminatı, əhalinin maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi baxımından həyata keçirilən sistemli fəaliyyəti nəticəsində Azərbaycan Avropa dövlətləri ilə bir sırada dayanır. Bu gün vətəndaş cəmiyyəti institutlarının ictimai siyasətdə öz yeri var. Xeyli sayda işlər görülüb, onlarla layihələr həyata keçirilib. Bundan sonra da fəaliyyətimizi genişləndirməli və dövlət quruculuğunda öz sözümüzü deməliyik. Bu gün dövlət quruculuğunda QHT nümayəndələrinin iştirakı mühüm vəzifələrdən biridir”.

 

Sonda mərkəzin hesabatı yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR