Bakı. Ramiz Mikayıloğlu - APA. AXCP Rəyasət Heyətinin bu gün keçirilən toplantısında Müsavat Partiyasının müttəfiqlik sazişinin imzalanması barədə təklifi ilə əlaqədar müzakirə aparılmayıb. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı söyləyib.
Fuad Qəhrəmanlı deyib ki, Rəyasət Heyətində əsas diqqət təşkilati məsələlərə yönəlib. O, Müsavat Partiyasının müttəfiqlik sazişinin imzalanması barədə təklifinə Rəyasət Heyətinin gələn həftə keçiriləcək növbəti toplantısında baxılacağını bildirib.
Xatırladaq ki, Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi ilə bağlı təklifin müəllifi AXCP sədri Əli Kərimli olub. Müsavat Partiyasının başqanı İsa Qəmbər sessiyadakı çıxışında Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu qurumda Müsavat Partiyasının qalmasının məqbul olmadığını bəyan edib. Bundan sonra Müsavat Partiyasının Divanında partiyanın Milli Şurada gələcək fəaliyyəti ilə bağlı bu qurumdakı partiya və ictimai qurumlarla məsləhətləşmələr keçirilməsinə qərar verilib. Dekabrın 13-də Müsavat Partiyası Milli Şurada gələcək fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində AXCP ilə görüş keçirib. Müsavat Partiyasının rəhbərliyi görüşdə AXCP-yə partiyalar arasında müttəfiqlik sazişinin imzalanmasını təklif edib.