Bank Of Baku

Azay Quliyev Azərbaycan QHT-lərinin Ermənistan QHT-ləri ilə əməkdaşlığını qadağan edən qanunun qəbul olunmasının əleyhinədir - MÜSAHİBƏ

Azay Quliyev Azərbaycan QHT-lərinin Ermənistan QHT-ləri ilə əməkdaşlığını qadağan edən qanunun qəbul olunmasının əleyhinədir - <span style="color: red;">MÜSAHİBƏ
# 25 aprel 2014 10:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin APA-ya müsahibəsi

 

- Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “xalq diplomatiyası” adı ilə Qərbin, ABŞ-ın həyata keçirdiyi layihələr nəinki əhəmiyyətsiz, hətta çox təhlükəlidir. O, “xalq diplomatiyası”nın yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunmasından, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə, o cümlədən Xocalı soyqırımına görə rəsmən üzr istəməsindən sonra mümkün ola biləcəyini söyləyib. Bu fikirləri bölüşürsünüzmü?

 

- Əli Hüseynlinin o fikri ilə razıyam ki, “xalq diplomatiyası” adı altında QHT-lər ermənilərlə əməkdaşlığa gedir və təəssüflər olsun ki, bu əməkdaşlıqdan yalnız və yalnız ermənilər qazanır. Səbəb ondan ibarətdir ki, bəzi təşkilatlar ermənilərlə heç nə olmamış kimi bu və ya digər layihələrin icrasına cəlb olunurlar. Sanki Ermənistan Azərbaycan ərazisini işğal etməyib, 1 milyondan çox azərbaycanlını didərgin salmayıb, 20 ildən çoxdur ki, torpaqları işğal altında saxlamayıb. Mənim şəxsi fikrim ondan ibarətdir ki, xalq diplomatiyası, yaxud hər hansı ad altında Azərbaycan QHT-lərinin Ermənistan QHT-ləri ilə əməkdaşlığı yalnız bir formatda, yalnız bir mövzu ətrafında ola bilər.

 

- Bu format, bu mövzu nədən ibarətdir?

 

- Söhbət ondan gedir ki, Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra olunmasında, bölgədə sülhün və təhlükəsizliyin yaradılması üçün Ermənistana ictimai təzyiqin təmin olunmasında QHT-lərin rolu nə ola bilər. Yəni bizim bu gün vətəndaş cəmiyyəti institutları, QHT-lər, vətəndaş, dövlət nümayəndələri olaraq Ermənistanla müzakirə edəcəyimiz bir mövzu ola bilər: Necə edək ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad olunsun. Bu çərçivədən kənarda görülən hər hansı bir iş - istər mədəniyyət, istər təhsil, istər regional əməkdaşlıqla bağlı - yalnız Azərbaycanın ziyanınadır. Çünki ermənilər bundan sui-istifadə edirlər və toplantılarda olan şəkilləri, görüntüləri xarici ölkələrdə, öz ölkələrində tirajlayırlar. Deyirlər ki, baxın, Azərbaycan və Ermənistan ictimaiyyəti arasında heç bir problem yoxdur, qarşılıqlı səfərlər edir, hətta oturub yeyir-içir, rəqs edir, mədəni tədbirlərdə iştirak edirlər. Deyirlər ki, Azərbaycan ictimaiyyəti üçün nə Qarabağ, nə işğal olunmuş ərazilər problemi var, elə problemi yaradan Azərbaycan dövlətidir, problemin həll olunmasını istəmir. Mən özüm dəfələrlə şahidi olmuşam ki, ermənilər bizim bəzi QHT-lərin bu proqramlarda iştirak etməsindən öz maraqları üçün necə faydalanıblar. Ona görə də biz bu məsələ ilə bağlı konkret çərçivə müəyyənləşdirməliyik. Hər hansı təmas işğalı aradan qaldırılması məqsədinə xidmət etməyəcəksə, buna yol vermək olmaz.

 

İkinci, “xalq diplomatiyası” nə deməkdir? “Xalq diplomatiyası” ilə bağı heç bir qanun yoxdur. Nə “xalq diplomatiyası”nı qadağan edən, nə də “xalq diplomatiyası”na hüquqi imkanlar yaradan hər hansı çərçivə yoxdur. Əlbəttə, biz birmənalı şəkildə Ermənistan QHT-ləri ilə təması qadağan edə bilmərik. Mən bunun tərəfdarı deyiləm. Amma bizim QHT-lər anlamalıdır ki, onların bu fəaliyyəti bilavasitə Azərbaycanın maraqlarına xidmət etmirsə, Azərbaycanın Konstitusiyasına və qanunlarına ziddirsə, onlar birbaşa məsuliyyət daşıyır. Bunun mənəvi, siyasi, hüquqi, cinayət məsuliyyəti ola bilər. Əgər kimsə ermənilərlə əməkdaşlıq qurub casusluq edəcəksə, Azərbaycan haqqında məxfi xarakterli məlumatlar ötürəcəksə, bu, cinayət məsuliyyətidir və burada heç kimə güzəşt ola bilməz. Biz bilməliyik ki, bu əməkdaşlıqdan Azərbaycan nə qazandı. Amma təəssüflər olsun ki, indiyə qədər aparılan bu cür məsuliyyətsiz əməkdaşlıq Azərbaycanın xeyrinə olmayıb, əksinə, ermənilər bundan faydalanıb.

 

- Bəzi QHT təmsilçiləri deyir ki, qanun qadağan etməyibsə, niyə Ermənistana getməməli, vətəndaş cəmiyyətləri arasında etimadın yaradılması, təhsil, mədəniyyət sahəsindəki birgə layihələrdə iştirak etməməlidirlər?

 

-  Məsələ burasındadır ki, qanun bu barədə kifayət qədər açıqdır, qanunda hər şey var. Əlavə qanuna ehtiyac yoxdur. Qanun deyir ki, milli maraqlara zidd hərəkətə yol verməməlisən, vətənə xəyanət etməməlisən. Bu gün biz Ermənistanla faktiki müharibə vəziyyətindəyik, ərazilərimiz işğal olunub. Bu gün düşmən ölkəyə gedib hər hansı məlumatı ötürürsənsə, hər hansı formada Azərbaycanın maraqlarına zidd əməkdaşlıq edirsənsə, bu, xəyanətdir. Qanunda ayrı nə yazaq? Açıq şəkildə Ermənistan QHT-ləri ilə əməkdaşlığı qadağan edək, sülhyaratma missiyasına kölgə sala biləcək hərəkətlərə yol verək, beynəlxalq təşkilatlar və ayrı-ayrı qüvvələr də bundan bizim əleyhimizə istifadə etsinlər ki, baxın, Azərbaycan sülhə hazır deyil, bölgədə hər hansı bir təması rədd edir, ona qarşı çıxır? Bizə əlavə problem yaratmaq istəyirlər? Burada artıq vicdan, milli heysiyyət, milli məsuliyyət olmalıdır ki, buna yol verilməsin. Digər tərəfdən, biz dəfələrlə demişik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində - Dağlıq Qarabağda yaşayan Azərbaycanın erməni vətəndaşları ilə təmasa girməliyik. Məsələn, biz Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinin keçirilməsinin tərəfdarıyıq, buna can atırıq. Gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsində hər iki icmanın, hər iki ölkənin QHT-ləri nə deyir, nə düşünürlər? Azərbaycanlı icmanın fikri nədən ibarətdir, bunu nəzərə almamalıdırlarmı? Məsələlər o qədər peşəkar, həm də milli yanaşma tələb edir ki, ancaq və ancaq həmin QHT, həmin vətəndaşın şəxsi məsuliyyətinə, vətəndaş məsuliyyətinə, milli heysiyyətinə və milli keyfiyyətinə bağlıdır. Biz yüz qadağa qoya bilərik, ancaq o, nankordursa, gedib vətənə, millətə xəyanət edəcəksə, düşmənlə heç nə olmamış kimi əməkdaşlıq edib Azərbaycanla bağlı məlumatları ötürəcəksə, bunun bir adı var. Ona görə də ayrıca qanunun qəbul edilməsinin tərəfdarı deyiləm. 

 

- Novella Cəfəroğlu bir müddət əvvəl Azərbaycandan olan bir qrup QHT təmsilçisi ilə Qarabağdan olan fəallarla İstanbulda görüş keçirəcəklərini bildirmişdi və belə bir görüş də keçirildi. Qarabağın erməni icması ilə Azərbaycan QHT-lərinin münasibətləri konkret necə qurulmalıdır?

 

- Düzdür, Qarabağda yaradılan QHT-lər Azərbaycanın qanunlarına uyğun şəkildə yaradılmayıb. Dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan, sivil qaydalara uyğun formalaşmayan bir xunta hakimiyyəti var. Ona görə də Qarabağdakı QHT-lərlə hüquqi münasibətlər qurmaq baxımından bizim üçün xeyli hüquqi çətinliklər yaranır. Buna baxmayaraq, orada yaşayanların bizim vətəndaşlar olduğunu nəzərə alsaq, biz öz vətəndaşlarımızla bu və ya digər formada əlaqə saxlamalı və onların fikirlərini dinləməliyik. Düşünürəm ki, o insanların da böyük əksəriyyəti hazırkı vəziyyətdən narazıdırlar, çünki bu müharibənin girovuna çevriliblər. Bunu onlar da anlayırlar. Necə adlandırmaq düzgün olar, bilmirəm, deyək ki, azərbaycanlı həmkarları ilə bu və ya digər formada  əlaqə qurmağa cəhd edirlərsə, bu cəhd də cavabsız qalmamalı, bizim qarşılıqlı addımlarımız olmalıdır. Onlar da toparlanıb, özlərində güc tapıb hazırkı Ermənistan rejiminə, siyasi hakimiyyətinə  etiraz etməyi bacarmalıdırlar. Bildirməlidirlər ki, 20 ildən artıqdır ki, bizi siyasi ambisiyalarınızın girovuna çevirmisiniz. Bölgədə sülhün əldə olunmaması bilavasitə Qarabağ ermənilərinin ziyanınadır, onlar hər zaman qorxu içində yaşayıblar. Əmin deyillər ki, sabah hərbi əməliyyatlar başlamayacaq. Ona görə də onların əksəriyyəti Qarabağdan və Ermənistandan çıxıb gedirlər. Bu gün internet əsridir, məlumatları gizlətmək mümkün deyil. Amma çox yaxşı olardı ki, Azərbaycan QHT-lərinin Qarabağa getməsinə, işğal olunmuş ərazilərdə vəziyyətlə tanış olmalarına, yeri gələndə Qarabağ ermənilərinin də Bakıya gəlməsinə şərait yaradaq. Əsas məsələ odur ki, o ermənilər başa düşsünlər ki, Ermənistan hakimiyyətinin girovluğunda uzun müddət qala bilməzlər. Ermənistan QHT-ləri üçün isə fərqli gündəm, rejim tətbiq olunmalıdır, mən bu barədə öncə danışdım. Məqsəd o olmalıdır ki, Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinə son qoyulsun, heç olmasa Ermənistan daxilində etiraz qrupları yaradılsın. Ermənistan hakimiyyəti siyasi və şəxsi maraqları naminə bölgəni bu qədər gərginlik mənbəyinə çevirə bilməsinlər. Artıq erməni diasporu da yavaş-yavaş başa düşür ki, onlar bu vəziyyətdə uzun müddət qala bilməzlər. Xocalıda törətdikləri soyqırımı da yavaş etiraf etməyə başlayıblar. Anlayıblar ki, Ermənistanın çıxış yolu qonşuları ilə normal münasibətlər yaratmaqdır. O cümlədən Ermənistanın inkişafı, dövlət kimi təhlükəsizliyi Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən, Türkiyəyə ərazi iddialarından əl çəkməkdən keçir. Ona görə də bu istiqamətdə fəaliyyət kompleks olmalıdır. Millətimizin, dövlətimizin ümumi maraqlarına zidd hər hansı addıma yol verilməməlidir. Bu, çox sadə formuladır və kimliyindən asılı olmayaraq, hamı yekdil mövqe nümayiş etdirməlidir. Bu məsələ də cəmiyyətin 99 faizi dövlətlə həmrəydir, prezidentin bu istiqamətdə apardığı dəstəkləyir. Fərqli fəaliyyət ortaya qoyanlara isə həm hüquq, həm də cəmiyyət müstəvisində qiymət verilməlidir.     

 

- Şura gələcəkdə Ermənistan QHT-lərinin qeyd etdiyiniz istiqamətdə fəaliyyəti üçün onların layihələrinə dəstək verə bilərmi? 

 

- Bizim istənilən formatda Ermənistan QHT-ləri ilə əməkdaşlığının tək bir mövzusu ola bilər. Yəni necə edək ki, Ermənistan işğalının nəticələri aradan qalxsın, Ermənistan işğal etdiyi əraziləri boşaltsın, Ermənistan BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirsin. Şura bu çərçivədə Ermənistandan olan QHT-lərlə əməkdaşlıq etməyə hazırdır. 

 

- Şura indiyə qədər “xalq diplomatiyası” ilə bağlı  Azərbaycan QHT-lərinin layihələrinə dəstək veribmi?

 

- Təəssüflər olsun ki, indiyə qədər ümumi maraqlarımıza xidmət edəcəyinə əmin olduğumuz belə sanballı, ağlabatan layihə daxil olmayıb. Bu tipli hər hansı layihəyə dəstək verdiyimizi xatırlamıram. Əgər belə layihə olarsa, dəstək verməyə hazırıq.

 

- Yeri gəlmişkən, Azərbaycanda ermənilərlə heç nə olmamış kimi bu və ya digər layihələrin icrasına cəlb olunan bir qrup təşkilatlar hansılardır?

 

- Leyla Yunus başla olmaqla bəzi təşkilatlar var ki, Ermənistana Azərbaycana heç bir xeyri olmayan, bir çox hallarda ziyan vuran səfərlər edib, birgə layihələrdə iştirak ediblər.

 

- Arzu Abdullayeva da o sıraya daxildir?

 

- Əvvəllər Arzu Abdullayeva da, bəzi təşkilatlar da olub. Mən onların hamısının adlarını tam xatırlaya bilmirəm. Bu təşkilatlar ermənilərlə, Ermənistanla əməkdaşlıq edən zaman unutmamalıdırlar ki, onlar öz ölkəsini işğal etmiş dövlətlə heç nə olmamış kimi əlaqələr qururlarsa, hər hansı bir layihədə iştirak edirlərsə, işğalı unudurlarsa, işğalla bağlı bir kəlmə də söz demirlərsə, onlar ən yumşaq desək, Ermənistana, Ermənistanın ümumi şəkildə Azərbaycana qarşı apardığı siyasətə xidmət etmiş olurlar.

 

- Bu təşkilatların layihələrində donor qismində hansı təşkilatlar iştirak edirlər?

 

- Bunlar Azərbaycanda hər hansı bir ümumi əhəmiyyət kəsb edən layihələrə diqqət ayırmayan, xüsusilə Azərbaycanın inkişafına yönəlik, ölkədə vətəndaş cəmiyyətinin güclənməsinə yönəlik hər hansı təşəbbüsə dəstək verməyən beynəlxalq qurumlar, ayrı-ayrı fondlardır. Bəzən görürsən ki, bu fondların təsisçiləri, yaxud onları maliyyələşdirən şəxslər arasında kifayət qədər erməni var. Bəzən görürsən ki, ermənilərin birbaşa təsis etdikləri fondlar var ki, bu layihələrə dəstək verirlər. O baxımdan da kimlərin bu layihələri dəstəklədiyi, hansı formada maliyyə ayırdıqları və bu QHT təmsilçilərinin kimlərin xətti və hansı məqsədlə Ermənistana getdikləri araşdırılmalıdır. Həm QHT-lərin kimliyi, həm donorların kimliyi açıqlanan vəziyyət ictimaiyyətə tam şəkildə bəlli olacaq.

 

- Belə başa düşmək olar ki, Ermənistanla bağlı layihə həyata keçirən Azərbaycan QHT-lərinin qrant müqavilələri Azərbaycanda qeydiyyatdan keçməyib, ona görə də bu QHT-lərin adları, onların layihələrini maliyyələşdirən donorların adları məlum deyil, Siz də məlumatsızsınız.

 

- Bu layihələrin çoxu qeydiyyata alınmır, bir qisim layihələr də bir neçə il əvvəl həyata keçirilib. Azərbaycan qanunvericiliyinə son əlavə və dəyişikliklər artıq bu adamların, bu təşkilatların meydanını kifayət qədər daraldıb. Çünki onlar artıq bundan sonra şəffaf işləməyə, fəaliyyətləri haqqında məlumatı həm dövlətə, həm ictimaiyyətə çatdırmağa məcbur olacaqlar. Artıq bu cür qara, gizli gündəliyi olan həm yerli, həm xarici təşkilatların meydanı kifayət qədər daralacaq. İndiki halda onların fəaliyyətini təqib etmək daha asandır. Təəssüf ki, bu cür layihələrin çoxu qanun qəbul edilməmişdən əvvəl həyata keçirilib, ona görə də onları tam şəkildə aşkar etmək mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR