Bank Of Baku

Azərbaycan ATƏT DTİHB-nin seçkilərin müşahidə prosesindəki rolu və istifadə etdiyi metodologiyanın nəzərdən keçirilməsi təklifi ilə çıxış edib

Azərbaycan ATƏT DTİHB-nin seçkilərin müşahidə prosesindəki rolu və istifadə etdiyi metodologiyanın nəzərdən keçirilməsi təklifi ilə çıxış edib
# 08 noyabr 2013 14:37 (UTC +04:00)

Bakı – APA. 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratiya Forumu çərçivəsində “Azad və demokratik seçkilərin keçirilməsi” və “Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi” adlı müzakirələr təşkil olunub. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələrdə əsas məruzəçilər qismində nazir Elmar Məmmədyarov, Avstraliyanın xarici işlər naziri Juli Bişop, Liberiyanın xarici işlər naziri Auqustin Kepehe Nqafuan və Filippin prezidentinin sözçüsü və hökumət ofisinin üzvü Edvin Lasierda çıxış ediblər. 

 

E. Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında danışaraq, seçkilərin əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimləndiyini deyib. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklifi ilə bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil edildiyini bildirib. Nazir 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyi və bu məntəqələrin 37-nin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığı barədə məlumat verib.  

 

Seçkilərin 52.000 yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 əcnəbi müşahidəçi tərəfindən izləndiyini vurğulayan E. Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb. O, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və seçki günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini söyləyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun fəaliyyətinə toxunan nazir deyib ki, bu təsisat mandatına uyğun olaraq seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir. E. Məmmədyarov təəssüfləndiyini bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir. O, Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin müşahidə prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyasının nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb.

 

Aparılan müzakirələr çərçivəsində nazir Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR