Gürcüstan. Nizami Məmmədzadə - APA. 16 saylı Yasamal ikinci Seçki Dairəsinin Gürcüstan paytaxtındakı 33 saylı seçki məntəqəsində səsvermə keçirilir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan vaxtı ilə səhər saat 08.00-da açılan seçki məntəqəsində ilk səs verən Azərbaycanın Gürcüstandakı səfiri və məntəqənin sədri Azər Hüseyn olub, sonra ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və qeydiyyatda olan digər seçicilər səs veriblər.
Səsvermə səfirliyin yeni binasında keçirilir. Məntəqədə daha əvvəl 275 nəfər seçici qeydiyyatdan keçib. Bu siyahıya seçki ərəfəsində Tiflis şəhərinə gələn azərbaycanlı qonaqlar, şirkət nümayəndələri, tələbələr, turistlər və Tiflisdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşları da əlavə olunub və seçicilərin sayı 435 nəfərdən çox olub.
Azərbaycanın Batumidəki Baş Konsulluğunun əməkdaşları da səsvermədə iştirak ediblər.