Moskva. Fərid Əkbərov – APA. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin binasında keçirilən səsvermədə seçicilərin aktivliyi müşahidə olunur. APA-nın Moskva müxbirinin xəbərinə görə, saat 12:00-a olan seçici fəallığı açıqlanıb və 600 nəfərdən çox seçicinin səs verdiyi bildirilib. Konsulluq qeydiyyatında 1500 nəfər Azərbaycan vətəndaşı var. Bundan başqa, seçkidə konsulluqda qeydiyyatda olmayan Azərbaycan vətəndaşları da iştirak edə bilirlər.
Səfirlikdə səsvermə Moskva vaxtı ilə saat 19:00-da başa çatacaq. Nəticələr məktubla, bülletenlər isə diplomatik poçtla Mərkəzi Seçki Komissiyasına göndəriləcək.
Qeyd edək ki, Azərbaycanın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsulluqlarında da seçki məntəqələri yaradılıb.