Bakı. Ramil Məmmədli-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda seçki qərargahı prezidentliyə namizəd Qüdrət Həsənquliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıb.
İclasda müzakirə olunan əsas məsələlərdən biri Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində dünyanın tanınmış universitetlərinə göndərilən azərbaycanlı gənclərin qarşılaşdığı problemlərlə və Azərbaycanda xarici dillərin tədrisi ilə əlaqədar yaranmış vəziyyətlə bağlı olub. Toplantıda Azərbaycanın dünyada tanıdılması, eləcə də ayrı-ayrı sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması üçün ən önəmli istiqamətlərdən birinin də azərbaycanlı gənclərin xaricdə, dünyanın nüfuzlu universitetlərində təhsil almaları ilə bağlı olduğu qeyd olunub: “Azərbaycanda Xaricdə Təhsil üzrə Dövlət Proqramının qəbul edilməsinə və həyata keçirilməsinə baxmayaraq, xaricdə təhsil almaq üçün lazım olan müvafiq proseduraları keçən gənclər bir çox hallarda süni əngəl və bürokratik süründürməçiliklə qarşılaşırlar. Belə ki prosesin uzadılması təhsil haqlarının vaxtında ödənilməsinə imkan vermir və belə olduğu təqdirdə təhsilin birinci ili üçün vəsaitin müvafiq universitetin hesabına köçürülməsi sonradan bu vəsaitin dövlət tərəfindən onlara geri qaytarılması şərti ilə valideynlərə təklif olunur. Lakin əksər valideynlərin belə yüksək məbləği ödəmək imkanı olmadığı üçün onlar övladlarının Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almalarından imtina etmək məcburiyyətində qalırlar. BAXCP İdarə Heyəti hesab edir ki, gənclərin xaricdə təhsil almaları üçün nəzərdə tutulan proseduralar sadələşdirilməli, süni əngəllər aradan qaldırılmalı, daha çox azərbaycanlı gəncin xaricdə təhsil almasına imkan yaradılmalıdır”.
Azərbaycanda xarici dillərin tədrisi ilə bağlı yaranmış vəziyyəti müzakirə edən BAXCP İdarə Heyəti bu sahədəki vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: “BAXCP dəfələrlə ingilis, rus və digər əcnəbi dillərin öyrənilməsi üçün elektron lüğətlərin və tədris proqramlarının yaradılması ilə bağlı ayrı-ayrı strukturlar qarşısında məsələ qaldırıb. Lakin təəssüf ki, bu istiqamətdə indiyədək ciddi addımlar atılmayıb. Bu baxımdan, BAXCP Azərbaycan hökumətini elektron lüğətlərin və tədris proqramlarının yaradılması üçün xüsusi dövlət proqramı qəbul etməyə və həyata keçirməyə çağırır”.