Bakı – APA. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir Azərbaycan prezidenti İlham Əliyevə təbrik göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.
Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaq. BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir. Zati-aliləri, Sizə bir daha yeni prezidentlik müddətində fəaliyyətə başlamağınız münasibətilə səmimi təbriklərimi çatdırıram”.