Bakı. Etibar Məmmədov – APA. “Mənim hədəfimdə nə Müsavat, nə də başqa partiya var, ola da bilməz”.
Bunu APA-ya açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri, “EL” Hərəkatının sədri Eldar Namazov deyib.
O, Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin səsləndirdiyi ittihamlara cavab verib. E. Namazov bu ittihamların əsassız olduğunu qeyd edib: “Milli Şura üzvü olmayanlar tərəfindən qurumun strukturlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülməsi təqdirəlayiq haldır. Bu, Milli Şuraya cəmiyyət tərəfindən maraq kimi qiymətləndirilməlidir. Biz demokratiya prinsiplərinə riayət edən insanlarıq. Hər kəs yanlış və səhv fikirlər söyləyə bilər. Buna normal yanaşmaq lazımdır”.
Xatırladaq ki, V. Hacıbəyli Eldar Namazovun Milli Şura rəhbərliyindən kənarlaşdırılmasını tələb edib. O, bunu E. Namazovun Müsavat Funksionerlərini hakimiyyətə işləməkdə ittiham etməsi ilə əsaslandırıb.