APA-nın məlumatına görə, bu fikirləri ASAİF-in İX Yay Forumunda çıxışı zamanı Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin hazırda yürütdüyü siyasət Azərbaycanın gələcək inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır: “Azərbaycanın inkişaf konsepsiyası çox mütərəqqi xarakter daşıyır və müxtəlif elementləri özündə ehtiva edir. Onlardan biri gənclərə yüksək keyfiyyətli təhsil imkanlarının yaradılmasıdır. Əgər gənclər seçim edib təhsil aldıqları ölkədə qalıb işləmək istəsələr, biz yenə də yatırılan investisiyanı itirmirik, əksinə onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Bu isə Azərbaycana yeni təbliğat imkanları verir, onun “mülayim güc” (soft-power) imkanlarını genişləndirir”.
Elnur Aslanov qeyd edib ki, Azərbaycanın müstəqil siyasi xəttinə və sosial iqtisadi inkişafına qısqanclıqla yanaşan xarici və daxili qüvvələr də var: “Onlar Azərbaycan daxilində sabitliyi pozmağa, milli inkişafa mane olmağa çalışırlar. Biz, əlbəttə, bunların qarşısını birlikdə alacağıq. Biz imkan vermərik ki, həmin qüvvələr Azərbaycanın inkişafına zərrə qədər də ziyan vursunlar. Azərbaycan həyata keçirdiyi layihələr bu gün regionun stabil və uzunmüddətli inkişafına öz töhfəsini verir. Cənubi Qafqaz artıq dünyanın əsas beynəlxalq nəqliyyat dəhlizlərindən birinə çevrilir. Azərbaycanla Gürcüstan arasında inkişaf etdirilən əməkdaşlıq və strateji tərəfdaşlıq bu uğurlu nəticənin əldə edilməsinə imkan verib, hər iki dövlətin gələcək inkişaf perspektivlərini təyin edib”.
Elnur Aslanov çıxışında bildirib ki, son zamanlar bəzi qüvvələr tərəfindən müxtəlif dövlətlərdə müəyyən ssenarili mövzular ortaya atılır, Azərbaycanda internetin azadlığı ilə bağlı spekulasiyaya yol verilir: “Qeyd etməliyəm ki, Azərbaycan insanların fundamental azadlıqlarının qorunmasını və onların sosial təminatının təmin edilməsini əsas məqsəd kimi qarşıya qoyub. İnternetdən istifadə hər bir insanın hüququdur və bu hüquq dövlət tərəfindən təmin edilir. Azərbaycanda internetlə bağlı hər-hansı senzuradan, nəzarətdən və ya buna oxşar mexanizmlərdən söhbət gedə bilməz. Buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtdir. Cənab Prezident Azərbaycanda internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd edib. Bu gün ölkədə istər bloggerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün müxtəlif sosial şəbəkələrdə 1 milyondan çox istifadəçi var”.
PA rəsmisi həmçinin bu ilin Azərbaycanda seçkilər ili olduğunu xatırladıb: “Qısa müddət ərzində demokratik dəyərləri mənimsəyən müstəqil Azərbaycan dövlət azad və ədalətli seçkilərin keçirilməsində böyük təcrübə qazanmışdır. Ötən seçkilərin təhlili bir daha göstərir ki, Azərbaycan demokratiyası yetkinləşmiş, Azərbaycan xalqını inkişafa və tərəqqiyə doğru aparan yolun mayakına çevrilmişdir. Demokratiya, əlbəttə, seçkilərlə məhdudlaşmır, lakin xalqın seçim etməsi üçün bütün şəraitin yaradılması onun ilkin şərtidir. Demokratiya tarixi inkişafın məhsuludur. Azərbaycanın uğur isə bütün siyasi islahatları iqtisadi islahatlarla paralel həyata keçirməsi olmuşdur. Biz inanırıq ki, Azərbaycan xalqı öz layiqli seçimini edəcək, Azərbaycanın uğurlu gələcəyini təmin edən, Azərbaycanlıların gözləntilərinə cavab verən namizədini seçəcəkdir”.