Bakı. Etibar Məmmədov - APA. Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurası partiyanın sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin prezidentliyə namizədlikdən imtinası haqqında təklifini qəbul etməyib.
Bu barədə APA-ya məlumat verən H.Hacıyev qeyd edib ki, partiyaya qarşı müəyyən təzyiqləri, maliyyə sıxıntılarını nəzərə alaraq, prezidentliyə namizədliyini geri götürmək qərarına gəlsə də, partiya bu təklifi qəbul etməyib: “Bizim təbliğat-təşviqat kampaniyası aparmaq üçün maliyyə vəsaitimiz yoxdur. Bəziləri partiyanın haradansa maliyyələşdiyimi düşünərək təzyiq göstərirdilər. Əgər bizim maliyyəmiz olsaydı, digərləri kimi təbliğat kampaniyamız təşkil olunardı. Buna görə də mən namizədliyimi geri götürmək qərarına gəldim. Lakin Siyasi Şura tərəfindən aparılan müzakirələrin nəticəsi olaraq, partiyanın seçkilərdə axıra qədər iştirakı və namizədini müdafiə etməsi barədə qərar qəbul olundu”.