Bank Of Baku

İctimai Palatanın taleyi ilə bağlı qərar niyə gecikir? - SORĞU

İctimai Palatanın taleyi ilə bağlı qərar niyə gecikir? - <span style="color: red;">SORĞU
# 26 dekabr 2013 12:34 (UTC +04:00)

APA-nın xəbərinə görə, eyni şəxslərin həm Milli Şura, həm də İctimai Palatada təmsil olunması bu qurumlardan birinin fəaliyyətinə ehtiyac olmadığı qənaəti yaratsa da, konkret qərar qəbul edilməməsi vəziyyəti daha da qəlizləşdirir.

 

İP Koordinasiya Şurasının (KŞ) üzvləri qurumun taleyinə aydınlıq gətirilməsi məqsədilə dəfələrlə toplantı keçirib, bununla bağlı sessiyanın çağırılmasının vacibliyini bildiriblər, lakin qeyri-müəyyənlik hökm sürür və bunun hələ nə qədər çəkəcəyi də bəlli deyil. Əsas səbəb isə KŞ-da təmsil olunan şəxslər arasındakı fikir ayrılığıdır. 

 

İP KŞ üzvü, VHP Ali Məclisinin sədri Rafiq Manaflı hesab edir ki, İctimai Palatanın buraxılması məsələsi yaxın zamanlarda həllini tapmalıdır. O, APA-ya açıqlamasında deyib ki, İP-ın taleyi ilə bağlı KŞ üzvləri arasında ciddi fikir ayrılığı olduğundan, sessiyanın çağırılması gecikir: “Lakin mən hesab edirəm ki, bir ay müddətinə İctimai Palata ilə bağlı qərar veriləcək. Çünki artıq vaxt limiti bitib. Mən qurumun buraxılmasının tərəfdarıyam”.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da İctimai Palatanı missiyası başa çatmış qurum adlandırıb. Onun sözlərinə görə, hazırda İP-də təmsil olunanların böyük əksəriyyəti qurumun Milli Şura üçün paralel struktur olduğunu əsas gətirərək, onun varlığına ehtiyac olmadığı qənaətindədirlər: “İctimai Palatanın sessiyasının çağırılmasına və qurumun buraxılmasına ehtiyac var. İctimai Palatada müxtəlif qurumlar təmsil olunduğundan, fərqli fikirlər mövcuddur. Ancaq düşünürəm ki, məsələ ilə bağlı ümumi və razılaşdırılmış qərar qəbul edilməlidir. Reallıq ondan ibarətdir ki, İctimai Palata indiki şəraitdə aktiv fəaliyyət göstərmir və fəaliyyəti olmayan bir qurumun saxlanılmasına heç bir ehtiyac yoxdur. Yəni cəmiyyət üçün artıq İctimai Palata məfhumu müəyyən mənada arxa plana keçib, siyasi proseslərin ağırlığı isə Milli Şuranın üzərinə düşüb”.

 

Müsavat Partiyasının üzvü, İP KŞ üzvü Rauf Arifoğlu isə APA-ya bildirib ki, qurumun buraxılmasının tərəfdarı deyil. O qeyd edib ki, İctimai Palatanın taleyi ilə bağlı yanvar ayında qərar veriləcək: “Qurumun buraxılması ilə bağlı Koordinasiya Şurası üzvləri arasında müəyyən fikir ayrılığı var. Bəziləri hesab edirlər ki, İctimai Palata ilə Milli Şura arasında müəyyən paralelik var və bu aradan qaldırılmalıdır. Müəyyən qrup isə düşünür ki, Milli Şuranın taleyi hələ bəlli deyil, qurumun qalıb-qalmayacağı qeyri-müəyyəndir. Amma İctimai Palata 3 il fəaliyyət göstərmiş və proseslərin sınağından çıxmış bir təşkilatdır. Yəqin ki, yanvar ayının sonunda qurumla bağlı bir qərar qəbul olunacaq”.

 

“El” Hərəkatı İdarə Heyətinin üzvü, İP KŞ üzvü Zəfər Quliyev APA-ya açıqlamasında İP-in indiyədək buraxılmamasını Milli Şura ilə bağlı aydın mənzərənin olmaması ilə əlaqələndirib: “İctimai Palata ilə bağlı aktual müzakirələr aparılır. Mən deməzdim ki, İctimai Palatanın buraxılmasının tərəfdarları çoxluq təşkil edir. Belə vəziyyət yaranıb ki, hansısa iclasda qurumun buraxılmasını təklif edənlərin arqumentləri əsaslı görünür, digər iclasda isə bunun əksini təklif edənlərin arqumentlər daha ciddi olur. Faktiki olaraq bu müzakirələr davam edir və məsələ ilə bağlı ciddi bir qərar yoxdur. Bunun da əsas səbəblərindən biri ondan ibarətdir ki, Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı aydın mənzərə yaranmayıb və struktur dəyişiklikləri tam başa çatdırılmayıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR