Bakı. Ramiz Mikayıloğlu - APA. Müsavat Partiyasının rəhbərliyi Milli Şurada gələcək fəaliyyəti ilə bağlı məsləhətləşmələr çərçivəsində Milli Şurada təmsil olunan bir qrup ziyalı ilə görüş keçirəcək.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, ziyalılarla görüşün dekabrın 27-də Müsavat Partiyasının qərargahında keçirilməsi planlaşdırılır.
Görüşə Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal və digər ziyalıların dəvət edilməsi nəzərdə tutulub. Qarşı tərəfdən görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı, partiyanın Məclis sədri Arzu Səmədbəyli, başqanının müavini Gülağa Aslanlı iştirak edəcək.
Qeyd edək ki, Müsavat Partiyasının Divanının son toplantısında Milli Şurada təmsil olunan Ziyalılar Forumu ilə görüşün keçirilməsi qərara alınsa da, daha sonra görüşün formatı genişləndirilib və Milli Şurada təmsil olunan bir qrup ziyalı ilə görüşün keçirilməsi məqbul sayılıb.