Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri adından Rusiya tərəfindən Azərbaycanın müstəqilliyinə yönəlik gözlənilən təhlükələrlə bağlı 28 aprel ərəfəsində beynəlxalq ictimaiyyətə və Azərbaycan ictimaiyyətinə müraciət ünvanlanacaq.
Bunu APA-ya açıqlamasında “El” Hərəkatının üzvü, politoloq Zəfər Quliyev söyləyib.
Onun sözlərinə görə, bu qərar iki gün əvvəl Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə keçirilən toplantıda qəbul edilib.
Toplantıda “El” Hərəkatının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Eldar Namazov, AXP sədri Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Turan İnformasiya Agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev, politoloq Leyla Əliyeva, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “El” Hərəkatında təmsil olunan Köçəri Nağıbəyli, politoloq Ərəstun Oruclu və Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər iştirak ediblər.
Z. Quliyev bildirib ki, Rusiya və Ukrayna arasında yaranmış böhranlı durum fonunda bir sıra postsovet ölkələri, o cümlədən Azərbaycan üçün təhlükəli vəziyyət yaranıb, buna görə də toplantıda yaxın günlərdə beynəlxalq ictimaiyyətə və dünya ictimaiyyətinə belə bir müraciətin qəbul olunması ilə bağlı konsensus əldə edilib.
Z. Quliyev müraciətə toplantıda iştirak etməyən siyasi və ictimai xadimlərin qoşulmasına şərait yaradılması barədə də razılıq əldə olunduğunu deyib. O, Milli Şurada təmsil olunan siyasi partiyaların təmsilçilərinin və ictimai xadimlərin də bu müraciətə qoşula biləcəyini qeyd edib: “Müraciətə qoşulacaq şəxslərin hansı qurumu təmsil etməsi önəmli deyil. Bu müraciət ictimai-siyasi xadimlərin adından qəbul olunacaq”.
Z. Quliyev deyib ki, bu toplantı Müsavat Partiyası ilə “El” Hərəkatı arasında əməkdaşlıq və müttəfiqlik münasibətlərinin əsasının qoyulması kimi də qiymətləndirilə bilər: “Bu, bir-biri ilə bağlı məsələlər olmasa da, aydındır ki, “El” Hərəkatının və Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslər bir yerdə bu cür məsələləri müzakirə edirsə, deməli, bu, əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. Müsavat Partiyasının təklif etdiyi müttəfiqlik sazişinə gəlincə, əslində proses özü oraya aparır. Görüşüb, ciddi və aktual məsələləri müzakirə etmək əməkdaşlığın get-gedə konkret forma almasına xidmət edir”.